Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir
Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda nə qədər çox beynəlxalq tədbir keçirilirsə, bu, ölkənin tanıtımına bir o qədər çox xidmət edir:
“İstər investorların cəlb olunması, istərsə də turizm sahəsində ölkənin tanıdılması baxımından bu tədbirlər ciddi töhfə verir”.
Onun sözlərinə görə hazırda Azərbaycanın tanıtımını yüksək səviyyədə təşkil etmək mümkündür və bunun üçün bir sıra işlər görülür.
“Lakin turizm potensialının tam açılması üçün cəlbedici turizm alətlərinin və məhsullarının da bazara çıxarılmasına ehtiyac var. Turisti nə ilə cəlb edəcəyik, hansı hekayələri quracağıq? Bu istiqamətdə də konkret işlərin görülməsi vacibdir”.
Əlavə olaraq bildirib ki, əslində, beynəlxalq tədbirlər Azərbaycanın imicinə və ölkənin dünyada tanıdılmasına, doğrudan da, müsbət təsir göstərir.
Səadət Əlizadə