Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə geniş tərkibdə görüş keçirib. Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər enerji təhlükəsizliyi, nəqliyyat, regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqı Komissiyasının Prezidentinin Azərbaycana səfəri və İlham Əliyevlə görüşlərində müzakirə edilən məsələlər Avropa İttifaqı-Azərbaycan münasibətlərini tamamilə yeni mərhələyə qaldırır:
“Məsələlərin mahiyyəti göründüyündən daha böyükdür. Çünki nəticə etibarilə söhbət Cənubi Qafqazın Avropaya inteqrasiya edilməsindən gedir. Burada paralel olaraq iqtisadiyyatın, kommunikasiyaların və enerji mənbələrinin Avropa ilə əlaqələndirilməsi məsələsi dayanır. Bu birinci məqamdır. İkincisi, xanım fon der Lyayenin də qeyd etdiyi kimi, Azərbaycan üzərindən qapı bağlantıları vasitəsilə Orta Asiyanın Avropa ilə əlaqələndirilməsindən söhbət gedir. Yəni Avropa İttifaqı, Orta Asiya və Cənubi Qafqaz münasibətlərində tamamilə fərqli, tarixi bir mərhələ başlayır. Bu dəfəki görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətləri ikitərəfli qaydada müzakirə edilib, bu münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Konkretləşmiş layihələrin icra mərhələsinə başlanması ilə bağlı qərarlar qəbul edilib.
Azərbaycan Prezidenti həm də “bağlantı layihələri” kimi bir termin işlədib. Bu isə olduqca vacibdir və əslində real bağlantılardır. Doğrudur, burada inzibati sərhədlərimizdən kənarda olan coğrafiyaların adı açıq şəkildə çəkilməsə də, bilirik ki, bu yeni terminin altında duran məzmun ilk növbədə Zəngəzur dəhlizi ilə əlaqəlidir. İkincisi Transxəzər bağlantısıdır, yəni Türkmənistan-Azərbaycan arasında mümkün əlaqədir. Üçüncüsü Naxçıvan üzərindən Ermənistanla,dördüncüsü isə Türkiyə üzərindən Ermənistanla bağlantıdır”.
Deputatın sözlərinə görə, bütün bunların bu şəkildə ifadə olunması Cənubi Qafqazın Avropaya inteqrasiyası yolunda atılan mühüm addımlardır:
“Çünki bu bağlantılar olmasa, yaxud bu qlobal qapılar açılmasa, bunu həyata keçirmək mümkün deyil. Təkcə bağlantılar kontekstində mövzuya baxsaq, görərik ki, bu, özlüyündə mühüm tarixi hadisədir. Ayrı bir məsələ ondan ibarətdir ki, burada Avropanın maliyyə resursları və siyasi mexanizmləri vasitəsilə iştirakı nəzərdə tutulur. Fon der Lyayen qeyd edib ki, ilkin mərhələdə 200 milyon avro qrant ayrılacaq, daha sonra isə bağlantılar üçün ayrılacaq məbləğ 2 milyard avroya qədər artırıla bilər. Doğrudur, bu vəsaitin qrant, yoxsa güzəştli kredit formasında olacağı barəsində məlumatımız yoxdur. Bununla bağlı konkret fikir səsləndirilməyib. Amma bütün hallarda Avropa maliyyəsinin bu proseslərdə iştirakı nəzərdə tutulur. Bu, layihələrin etibarlılığı, qısa müddətdə icra olunması və təhlükəsizliyi ilə bağlı atılan addımlar deməkdir”.
Mələk Hüseynova