Prezident İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti ilə idman əməkdaşlığını müzakirə edib
Prezident İlham Əliyev Dünya Güləş Birliyinin (United World Wrestling) prezidenti Nenad Laloviçi qəbul edib. Görüşdə Azərbaycanda güləşin inkişafı, beynəlxalq idman əməkdaşlığının genişləndirilməsi, ölkənin iri idman yarışlarına ev sahibliyi təcrübəsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Mövzu ilə bağlı idman eksperti Kenan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan güləş ölkəsidir. Güləş milli idman növlərimizdən biridir. Tarixən pəhləvanlarımız həm döyüş, həm də yarış meydanlarında öz sözlərini deyiblər. Güləşdə hər zaman böyük uğurlarımız olub. Dünya çempionatlarının və digər mötəbər yarışların Azərbaycanda keçirilməsi də bu uğurların davamıdır:
“Dünya Güləş Birliyi rəhbərliyinin Azərbaycana səfər etməsi də tamamilə təbii haldır. Dövlət başçısı idmana daim xüsusi diqqət ayıran şəxsdir. O, eyni zamanda Milli Olimpiya Komitəsinin prezidentidir və ölkədə idmanın inkişafını hər zaman diqqətdə saxlayır. Dünya Güləş Birliyinin prezidentini qəbul etməsi də bu istiqamətdə atılan mühüm addımlardan biridir. Azərbaycanda keçirilən belə görüşlərdə adətən strateji əhəmiyyət daşıyan məsələlər müzakirə olunur. Prezident İlham Əliyev idmanı yaxşı bilən, bu sahə ilə yaxından maraqlanan şəxsdir və Azərbaycanda idmanın inkişafı üçün hansı addımların atılmalı olduğunu yaxşı bilir. Bu məsələləri aidiyyəti şəxslərlə mütəmadi müzakirə edir. Böyük ehtimalla bu görüşdə də gələcəkdə daha irimiqyaslı yarışların Azərbaycanda keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Ümumilikdə, ölkəmizdə güləşin daha da inkişaf etdirilməsi istiqamətində görüləcək işlər, həyata keçiriləcək tədbirlər və təşkilati məsələlər müzakirə edilib. Hesab edirəm ki, bu, çox vacib görüşdür. Belə görüşlər yalnız müsbət nəticələr verə bilər. Azərbaycan dünya güləşində çox yüksək mövqeyə malikdir. Dünyanın üç-beş aparıcı güləş ölkəsindən biri Azərbaycandır. Bu mövqeyi daha da möhkəmləndirmək üçün uşaq və gənclər güləşinin inkişafı maksimum səviyyəyə çatdırılmalıdır. Bunun üçün zəruri şərait yaradılmalı, idman infrastrukturu daha da genişləndirilməlidir.
Düşünürəm ki, Azərbaycan Güləş Federasiyası da bu istiqamətdə lazımi addımlar atır. Regionlarda yeni idman zalları açılır, tanınmış mütəxəssislər milli yığmaya cəlb olunur. Onların təcrübəsindən yararlanan yerli məşqçilər sonradan əldə etdikləri bilik və bacarıqları bölüşür, nəticədə yeni uğurlar qazanılır. Bu proses davam edir və hesab edirəm ki, həmin istiqamətdə fəaliyyət bundan sonra da ardıcıl şəkildə davam etdirilməlidir”.
Fatimə Hüseynli