00:00:00
Yazar
Elmira Ağayeva
15.10.2026 22:47 63 3 dəq oxuma
Gündəm

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb

 

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib və bu ilin avqustunda Özbəkistana etdiyi dövlət səfərini məmnunluqla xatırladıb. Görüşdə həmin səfər zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Prezident Şavkat Mirziyoyev ölkəmizin inkişafı və tərəqqisinin qardaş özbək xalqını sevindirdiyini vurğulayıb.

Özbəkistan Prezidenti Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) uğurlu sədrliyi və təşkilatın Zirvə Görüşünə ev sahibliyi etməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. O, bu hadisələri Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirib.

Görüşdə bütün sahələrdə əməkdaşlığın səmərəli xarakter daşıdığı məmnunluqla qeyd edilib, ilin əvvəlindən ticarət dövriyyəsinin artdığı vurğulanıb. Energetika, qarşılıqlı investisiyalar, tikinti, nəqliyyat-logistika, yüngül sənaye, geologiya, turizm və digər sahələrdə layihələrin uğurla həyata keçirildiyi bildirilib, mədəni və humanitar mübadilələrin əhəmiyyəti qeyd olunub.

Dövlət başçıları beynəlxalq və regional gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, AQEM-in Zirvə Görüşünə Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin və nüfuzunun göstəricilərindən biridir:

“Gələcək iqtisadi əməkdaşlıq və geniş maliyyə dövriyyəsi baxımından Asiyanın potensialı olduqca yüksəkdir. Buna görə də Asiya ölkələri arasında mövqelərin uzlaşdırılması, mübahisəli məsələlərin dialoq və razılaşma yolu ilə həlli, əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə təhlükəsizlik tədbirləri ilə bağlı fikir mübadiləsinin aparılması regionun gələcəyi baxımından böyük əhəmiyyət daşıyır.

Ümumiyyətlə, AQEM çərçivəsində təmasların əsasən beş istiqamət üzrə prioritet təşkil etdiyini görürük. Bunların sırasında təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat və ekoloji məsələlər xüsusi yer tutur. Asiya ölkələrinin ekoloji çağırışlarla üzləşməsi bu sahədə daha ciddi koordinasiyanı zəruri edir. Belə ki, regionun bir sıra dövlətlərində ciddi su çatışmazlığı problemi mövcuddur.

Digər tərəfdən, xüsusilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və dialoq mühitinin yaradılması vacib şərtlərdəndir. Bütün bu istiqamətləri nəzərə alsaq, Azərbaycanın ev sahibliyi ilə keçirilən AQEM-in 7-ci Zirvə Görüşü xüsusi əhəmiyyət daşıyır. Tədbir çərçivəsində qarşılıqlı təmaslar və gələcək əməkdaşlıq imkanları genişləndirilir, yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir”.

Politoloq qeyd edib ki, Azərbaycan beynəlxalq əlaqələrini şaxələndirərək səmərəli əməkdaşlıq mühiti formalaşdırır. Onun sözlərinə görə, ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində fəal iştirak edir və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə töhfə verir. AQEM-in 7-ci Zirvə Görüşü çərçivəsində də Azərbaycan əməkdaşlıq imkanlarını və bu istiqamətdəki potensialını nümayiş etdirir:

“Azərbaycan 2024–2026-cı illərdə AQEM-ə sədrlik edib və bu müddətdə təşkilatın institusional inkişafı istiqamətində mühüm addımlar atılıb. Yeni strukturların yaradılması gələcəkdə təşkilatın tamhüquqlu beynəlxalq quruma çevrilməsi imkanlarını əhəmiyyətli dərəcədə artırır. Bu Azərbaycanın təşkilatın inkişafına verdiyi töhfələrdən biridir”.

Azərbaycan-Özbəkistan münasibətlərinə toxunan politoloq bu əməkdaşlığın geniş perspektivlərə malik olduğunu bildirib:

“Biz müşahidə edirik ki, iki ölkə arasında ardıcıl olaraq yüksək səviyyəli səfərlər həyata keçirilir. Özbəkistan işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə ilk töhfə verən qardaş ölkələrdəndir. Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş perspektivlər mövcuddur.

Bu baxımdan, həm “Mərkəzi Asiya + Azərbaycan” formatı, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrimiz sürətlə inkişaf edir. Nəqliyyat-logistika sahəsi başda olmaqla, iqtisadiyyatın müxtəlif istiqamətlərində həyata keçirilən layihələr strateji tərəfdaşlığımızı daha da gücləndirir. Artıq bu münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini demək mümkündür. Tarixi, mədəni və dini bağlarımız xalqlarımız arasında möhkəm təməl yaradır. Son dövrlərdə dövlət başçılarımızın siyasi iradəsi sayəsində ikitərəfli əlaqələrin inkişaf dinamikası xüsusilə diqqət çəkir”.

Aysu Qədirzadə

#görüşüb #prezidenti #əliyev #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər