Prezident İlham Əliyev və xanımı "Şahdağ" qış-yay turizm kompleksində olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olublar.
Dövlətimizin başçısı və xanımı “Park Chalet Shahdag” otelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.
“Şahdağ” qış-yay turizm kompleksi Azərbaycanda ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılır. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub, bir neçə obyektin və otelin açılışında iştirak edib. Layihənin həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub. Tikintiyə nəzarəti isə nazirliyin tabeliyində olan “Şahdağ” qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir.
Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsib.
“Park Chalet Shahdag” oteli Bakıdan 210 kilometr şimal qərbdə yeganə alp üslublu dəbdəbəli məkandır. Əzəmətli dağlarla əhatə olunan otelin 164 eleqant qonaq otağı var.
Dövlətimizin başçısı və xanımı otel nömrələri ilə tanış olublar.
Məlumat verildi ki, oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir.
Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşüb.Sonra xatirə şəkli çəkdirilib.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Bu əməkdaşlar qonaqlara yüksək səviyyəli qulluğun göstərilməsi ilə bağlı xüsusi təlim kursları keçiblər.
Onu da deyək ki, kompleksin ərazisində otellərə, bu otellərin avtomobil dayanacaqlarına, xizək yollarına, kanatlara və digər yerlərə rahat gedib-gəlmək üçün yeraltı tunellər də tikilib.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat və xizək enişinin açılışında iştirak ediblər.
Bildirilib ki, kompleksdə inşası nəzərdə tutulan 9 kanat yolundan 7-si artıq hazırdır. Bundan başqa, ümumi uzunluğu 5860 metr olan 4 “xalça cığırı” və ümumi uzunluğu 12 min 430 metr olan 11 dağ xizək enişi inşa olunub. Bundan başqa, sahəsi 41,5 hektar olan enişlərin süni qarlaşdırma sistemi yaradılıb. Burada qonaqlar və turistlər üçün müxtəlif istirahət guşələri də inşa olunub.
Dövlətimizin başçısı 1 nömrəli kanat yolunu işə salıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kanat yolunu sınaqdan keçiriblər.
AZƏRTAC
