00:00:00
Yazar
Admin User
12.10.2023 16:10 670 3 dəq oxuma
Sosial

"Problemlərimi tək başıma həll etməyim güclü şəxsiyyət olmağıma köməklik edəcək"

"Problemlərimi tək başıma həll etməyim güclü şəxsiyyət olmağıma köməklik edəcək"

Bir çox gəncin arzusu xaricdə təhsil almaqdır. Bu məqsədlə də hər il yüzlərlə gəncimiz yeni imkanlar, biliklər əldə etmək üçün xaricə üz tutur. "İnformator.az" saytının bugünkü müsahibi Almaniyada təhsil alan Gülnaz Quliyevadır.

 

Gülnaz Quliyeva kimdir?


Mən Gülnaz Quliyeva 23 yaşındayam, Bakıda doğulmuşam. Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin 2020-ci il məzunuyam. Almaniyada “Friedrich-Alexander-University-Erlangen”-də “Integrated Immunology” ixtisasına 2 il öncə magistr tələbəsi olaraq qəbul olmuşam. Hazırda Erlangen şəhərində yaşayıram.


Almaniyada təhsil almağı seçməyinizin səbəbi?


Almaniyanı seçməyimin ən əsas səbəblərindən biri burada tibb və laboratoriya sahəsinin çox inkişaf etmiş olmasıdır. Universitet seçimimin səbəbi isə ixtisasımdır. Təhsil aldığım ixtisas tibb və biologiya fakültəsinin ortaq programıdır. Təhsilin əsas bir qismini laboratoriya praktikaları təşkil edir. İmmunologiya son illərdə inkişafa keçmiş, immun sistemi və immun sistemi xəstəlikləri haqqında nadir yayılmış ixtisasdır. Hazırda isə “Revmatologiya ve Revmatoloji xəstəliklər” klinikasında asistant kimi çalışıram və həmçinin master tezim üzərinə işləyirəm. İxtisasım tibb fənnləri və xəstəliklərə yönümlü olduğu üçün biologiya keçmişi olan birisi üçün olduqca çətindir. Mənə görə universitetin ən mənfi cəhəti, imtahanlara sadəcə 2 dəfə girmə şansımızın olmasıdır. İki dəfə kəsildiyiniz təqdirdə univerisitetdən uzaqlaşdırılırsınız. Lakin programımız özümüzü inkişaf etdirmək və yeni texnikalar öyrənmək üçün bizə olduqca çox şans gətirir.


Almaniyada təhsil üçün necə müraciət etdiniz?


Universitetə qəbul GPA və İelts nəticələrinə əsaslanaraq baş tutur. İlk seçimdə nəticələri uyğun olanlar ikinci seçimə, yəni müsahibə mərhələsinə keçid edir. Müsahibədən müsbət nəticə alanlar isə ixtisasa qəbul olunur.


Almanida təhsil almaq sizə nələri qazandırdı?


Programımız “Elite Network”-ə daxil olduğu üçün müxtəlif konfranslar, programlar və kurslar əsasən bu şəbəkə tərəfindən maliyyələşdirilir. Bir neçə müxtəlif beynəlxalq konfransda iştirak etmək şansını əldə etmişəm. Bunun sayəsində dünyanın bir çox yerində, müxtəlif xəstəliklər üçün inkişaf etdirilən müalicə və müayinə metodları ilə tanış olmuşam. Bununla yanaşı, təhsilimin bir hissəsi olan staj programına əsasən Londonda 2 aylıq laboratoriya təcrübəm oldu. Mənim seçimim “Queen Mary University of London”, “Center of Microvascular Research” idi. Xərclərin müəyyən bir qismi “Elite Network” tərəfindən qarşılanırdı.Bu müddət ərzində 8-ə yaxın müxtəlif şəhərə ziyarət etmək şansını əldə etdim.


Təhsil aldığınız ölkədə sizi daha çox nələr cəlb edir?


Erlangen Nürnbergə 15 dəqiqə uzaqlıqda, əhalisinin böyük bir qismini universitet sayəsində gənc nəsilin təşkil etdiyi kiçik ve şirin bir şəhərdir. Şəhərin bir qismini “Universitet klinikaları”, digər bir qismini isə “Siemens”in əsas ofis binaları təşkil edir. Şəhərimiz kiçik olsa da universitetin təşkil etdiyi tədbirlər və Bayern bölgəsinə xas olan bir çox festivallar sayəsində əyləncəli zaman keçirmək mümkündür. Almaniyada yaşamaq ilk başlarda dil baxımından və almanların özlərinə xas xarakter xüsusiyyətlərinə görə çətin gələ bilər. Onlarla vaxt keçirdikcə və yaşayış formasını gördükcə artıq insan alışır. Əsasən Milad bayramında Almaniyada zaman keçirmək daha maraqlıdır. Onlara xas spesifik yeməkləri, şirniyyatları və içkiləri sınamaq bayramı əyləncəli keçirməyə səbəb olur. Təhsil aldığım müddətdə yeni mədəniyyətlərlə və insanlarla tanış olmaq həmçinin öz məsuliyyətimi tamamilə başa düşərək problemlərimi tək başıma həll etməyim, fikrimcə gələcəkdə seçimlərimi daha düzgün etməyimə və daha güclü şəxsiyyət olmağıma köməklik edəcək.


Almaniyada təhsil almaq istəyənlərə tövsiyələriniz nələrdir?


Tək Almaniyada yox, xaricidə təhsil almaq istəyənlərə tövsiyəm özgüvənli olun, hər şeyə hazır olmaq, uğursuzluqlara üzülmək lazım deyil. Əgər məqsədiniz varsa, onun üçün mübarizə aparın. Valideynlərinizin dəstəyini, inamını qazanmağa çalışın və özgüvənli olun. Almaniyada təhsil almaq üçün alman dilini bilməyiniz yaxşı olar. Magistr təhsilinizi xaricdə davam etdirmək məqsədiniz varsa, artıq bakalavr dövründən çalışmaq lazımdır.


Asiman Hafizqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər