Prokuror Babayana ömürlük cəza istəyib
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 13-də davam etdirilib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli çıxış edərək təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar üzrə cinayət əməllərinin tövsifinə münasibət bildirib.
O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının suveren ərazilərinin işğal edildiyini, bununla da Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibə apardığını təsdiqləyib.
İttiham çıxışında göstərilib ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəni aktiv hərbi əməliyyatların aparılmadığı dövrdə belə faktiki olaraq dayandırılmayıb.
Təcavüzkar müharibənin gedişində Ermənistan silahlı qüvvələri atəşkəsi dəfələrlə pozmaqla Azərbaycan Respublikası ərazisində qanuni fəaliyyət göstərən onun Silahlı Qüvvələrinin üzvlərini, mülki şəxsləri, onların əmlaklarını, mülki təyinatlı dövlət obyektləri, dini, təhsil, elm, tibb obyektlərini, xəstə və yaralıların yerləşdiyi yerləri, habelə mühüm strateji əhəmiyyətə malik obyektləri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərini hücum obyektinə çevirib.
