PSİXOLOJİ YARANIN SAĞALMASI ÜÇÜN ZAMAN MÜTLƏQDİR
Müharibənin dəhşətindən, həyəcanından, səslərindən yaranan travma qazilər, hərbiçilər üçün çox çətin psixoloji problemdir. Bunun öhdəsindən gəlmək üçün mütəxəssis yardımı məsləhət görülür.
"Müharibə iştirakçısının, "mənə güllə dəyibsə, mən öləcəm" düşünən birinin aldığı travma yarası sağalsa da, psixoloji yaranın sağalması uzun zaman çəkəcək. Ailə və uşaq psixoluqu Aynur İsmayılovanın sözlərinə görə, müharibədə alınmış psixoloji travma çox dərindir. "Müharibə bütün millətlərdə böyük qorxu və dəhşətlə qarşılanır. Müharibə varsa, silahlı qarşıdurma var, bunun özü negativ qorxudur. Ən əsası müharibədə iştirak edən insanlar bilirlər ki, mübarizə nə üçündür. Nə qədər özünü, vətəni qorumağa sövq olunsa da, bunun silah gücünə olduğunun fərqindədirlər. Təbii ki, silah səsləri adi səslər kimi deyil, burada həyatı itirmək qorxusu var. Ona görə müharibə iştirakçısı üçün dəhşətli bir fondur. Burada həyatla ölüm arasında özünü silahla müdafiə edən şüurlu insan var".
Travmalara gəldikdə isə, psixoloqun sözlərinə görə, bu, xarakterlərə görə fərqlidir. Zəif və güclü xarakterli insanların psixologiyasına bu travma müxtəlif təsir göstərir. "Psixoloji olaraq itirmə qorxusunun yüksəkliyi və stress yaşayırlar. Müharibədən sağ çıxmış qazilər bir müddət aldığı zərbədən toparlana bilmək üçün səs-küydən, həyəcandan uzaq durmalıdırlar. Hər-hansı kəskin səslər orada yaşadıqları hadisəni təkrar onlara yaşada bilər".
ÇİNARƏ MURDOVA
