Psixoloq Fərman Mehmanqızı: İntiharlarla bağlı yazılar azaldılsa, daha yaxşı olar
"Psixoloji cəhətdən həssas, təlqinə meyilli insanlar müəyyən psixoloji duruma məruz qaldıqları zaman intihar etməyi həll yolu kimi görürlər”.
İnformator.az xəbər verir ki, Bbunu psixoloq Fərqanə Mehmanqızı son günlər artmaqda olan intihar hadisələrinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, cəmiyyət aqressiyadan əziyyət çəkir:
“İnsanlar bir-birilərini dinləmirlər. Bu da mənəvi aclığa səbəb olur. İntihar, aqressiya, depressiya, panik-atak kimi analoji halların daxilində uşaqlıq travmaları “yatır”. İnsan özünü həyata realizə edə bilmir və natamamlıq kompleksi yaranır. Nəticədə də bu kompleksdən əziyyət çəkən insanlar əvvəl-axır ya qatil olur, ya da intihar edirlər. Onu da bildirməliyik ki, insanlarda həddindən artıq beyin tənbəlliyi yaranıb. Hər hansı problemlə qarşılaşdıqda çıxış yolu düşünmək istəmirlər, ən rahat varianta qaçırlar, canlarına qəsd etməyi düşünürlər. Nəzərə almalıyıq ki, intihar edən insanın həmişə ətrafındakılar daha çox günahkar hesab edilir. Sosial şəbəkələrdə yazılan şərhlər, ümumilikdə cəmiyyətin düşüncələri, jurnalistlərin qoyduğu başlıqlar onları intihara sürükləyir. Ona görə də intiharlarla bağlı xəbərlər, yazılar azaldılsa, daha yaxşı olar. Daxili aqressiyadan əziyyət çəkən adamlar var. Məhz bu nöqteyi-nəzərdən intihar hadisələrinin ictimaiyyətə çatdırılması bir az qapalı saxlanılmalıdır”
Qeyd edək ki, az qala hər gün intihar hadisəsi baş verir. Çox təəssüf ki, son vaxtlar tez-tez sözügedən bədbəxt hadisələrlə qarşılaşırıq.
Sərxan Abbasəliyev
