00:00:00
Yazar
Admin User
18.08.2023 08:23 360 3 dəq oxuma
Sosial

PSİXOLOQLARDAN XƏBƏRDARLIQ

PSİXOLOQLARDAN XƏBƏRDARLIQ

İnsanlar bəzən övladlarına, dostlarına və s. ətrafındakı şəxslərə heyvanların pis olduğunu deyir ki, bu da insanların heyvanlardan uzaqlaşması, sevməməsi və hətta şiddət göstərməsi ilə nəticələnə bilir. Bu tip davranışlar uşaqlara necə təsir göstərir və qarşısını almaq üçün nə etmək olar?

 

  İnformator.az-ın növbəti qonağı psixoloq Gülnar Orucova bu mövzu haqqında danışıb. O deyir ki, insanlarda müxtəlif instinktlər var. Analar da analıq instikti ilə bir çox davranışlar sərgiləyirlər ki, bu davranışlar içərisində bəzilərinin mənfi cəhətləri də var: "Ümumiyyətlə, bəzən valideynlərdə həddən artıq övladlarını qoruma instinkti olur və heyvanlardan onlara keçəcək xəstəliklər var ki, qarşılarını almaq üçün məcbur olub heyvanları uşaqlarına pisləyirlər. Məsələn, iitə-pişiyə yaxın durma, pisdir, sənə xəstəlik, mikrob keçər, ona tərəf getmə, hətta bəziləri ay, it gəlir, səni dişləyər, ona daş at, deyirlər. Yəni artıq aşağı yaşlardan etibarən uşaqlarda bunu formaldırırıq. Bu da sonradan uşaqlarda nəinki heyvanlara qarşı, eləcə də, insanlara qarşı aqressiyanın yaranması ilə nəticələnir. Çünki o bu gün daşı itə atırsa, sabah daşı öz dostuna da ata bilər və bunun səbəbi təhlükə hiss etdiyi an aqressiv şəxsə çevriləcək olmasıdır".

   Heyvanları sevmənin, onlara qayğı göstərmənin önəmindən bəhs edən psixoloq uşaq yaşlarında heyvanlara göstərilən qayğının böyüyəndə təsirini diqqətə çatdırır: "Uşaqlara aşağı yaşdan heyvanlara baxmağı, bəsləməyi öyrətməmizin, buna dəstək olmamızın səbəbi də elə bununla bağlıdır. Çünki daha mərhəmətli olmağı, kiməsə yaxud nəyəsə qayğı göstərməyi və gələcəyə xeyirli vətəndaş olmağı bacarmasını istədiyimizdən uşağa mərhəmət hissini aşılamaq istəyirik. Həmin uşaq əgər bu gün balacadırsa və heyvanın qayğısına qalırsa, məlum məsələdir ki, sabah o böyüyəcək və böyüdüyü zaman daha böyük işlər görəcək".

  Uşaqlara danışaraq, heyvanların yalnız sevgiyə deyil, həmçinin qidaya ehtiyac duyduqlarını başa salmalı olduğumuzu deyən Gülnar Orucova heyvanlardan qaçmanın deyil, onlarla təmasda olarkən diqqətli olmanən vacibliyini də vurğulayır: "Həmçinin uşaqlarımıza heyvanların bəslənməyə ehtiyacı olduğunu, bizə yaxınlaşaraq qidalanmaq istədiyini deməyə çalışdığını başa salmalıyıq. Amma heyvanlardan keçə biləcək xəstəlikləri də çox mədəni surətdə uşağa izah etmək lazımdır ki, biz ona yaxınlaşa bilərik, amma küçədə olan heyvan olduğu üçün ondan bizə xəstəliklər keçə də bilər. Məsələn, pişik yaxud itin tükündən bizim qaraciyərimizdə exinokokk və bəzən insanlarda dəri xəstəlikləri də yarana bilər. Yəni o təhlükələri uşaqlara onların anlaya biləcəyi səviyyədə başa salmaq lazımdır ki, onlar pişik, it və digər heyvanlardan qorxmasınlar, qayğı göstərsinlər, eyni zamanda da gigiyenik normalara əməl etsinlər".

   Psixoloq hesab edir ki, problemin həlli valideynlərin maarifləndirilməsindən asılıdır: "Pişiyin ət götürdüyü üçün ayaqlarının kəsilməsi, yaxud itlərin quyruqlarının bir-birinə yapışdırılması ilə qarşılaşmışdım və bu, həqiqətən, heyvanlara olan acımasız davranış, zülmdür. Valideynlər məlumatlandırılmalı, maarifləndirmə işləri getməlidir. Maarifləndirmə işləri getdikcə, insanlar artıq anlayacaq ki, heyvanlarla bu cür sərt rəftar etmək olmaz".

   Gülnar Orucova yalnız şiddət göstərənin deyil, onu izləyənlərin, müşahidə edənlərin də maarifləndirilməsini vacib sayır: "Bəzən bu kimi durumları görən insanlar arasında heyvanlara şiddətin doğru olduğunu düşünənlər və bunu tətbiq etmək istəyənlər də olur. Məhz bu səbəbdən uşaqlara uşaqlıqdan heyvanlara olan mərhəməti, sevgini aşılamalıyıq. Əvvəllər bizi zooparklara, qoruqlara aparırdılar. Bu cür addımlarla heyvanlara sevgini, eləcə də onların zərərli və faydalı cəhətlərini aşılamaq lazımdır".

 

Aydan Qasımova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər