00:00:00
Yazar
Ayan Sadi
28.09.2026 22:35 68 3 dəq oxuma
Sosial

Pul tələsi: uşağa xərclik neçə yaşından və nə qədər verilməlidir?

 

Pul tələsi: uşağa xərclik neçə yaşından və nə qədər verilməlidir?

Uşağa xərclik vermək valideynlər arasında tez-tez müzakirə olunan məsələlərdəndir. Xərclik uşağın yalnız şəxsi ehtiyaclarını qarşılamağına deyil, həm də puldan düzgün istifadə etməyi, seçim etməyi və qənaət etməyi öyrənməsinə kömək edə bilər. Lakin uşağa xərcliyin hansı yaşdan verilməsi və məbləğin necə müəyyənləşdirilməsi fərdi yanaşma tələb edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, uşağa xərclik verməyə başlamaq üçün hamıya aid konkret yaş müəyyənləşdirmək düzgün deyil.

 

“Bu, uşağın yaşından əlavə, onun pul anlayışının formalaşmasından, məsuliyyət səviyyəsindən və gündəlik ehtiyaclarından asılıdır. Adətən ibtidai məktəb yaşlarından uşağa kiçik məbləğdə xərclik verməyə başlamaq mümkündür. Bu yaşda əsas məqsəd uşağa çox pul vermək deyil, pulun nə olduğunu, necə istifadə edilməli olduğunu və məhdud resursla seçim etməyi öyrətməkdir.

 

Uşaq böyüdükcə xərcliyin məbləği və məsuliyyəti də tədricən artırıla bilər. Burada uşağın yaşı ilə yanaşı, ailənin maddi vəziyyəti, uşağın ehtiyacları və puldan istifadə etmək bacarığı da nəzərə alınmalıdır”, - deyə psixoloq qeyd edib.

 

Nizami Orucov vurğulayıb ki, xərclik üçün hamıya uyğun vahid məbləğ müəyyənləşdirmək mümkün deyil. Məbləğ ailənin imkanlarına və uşağın real ehtiyaclarına uyğunlaşdırılmalıdır.

 

“Valideyn əvvəlcə uşağın həmin pulla nəyi qarşılamalı olduğunu müəyyən etməlidir. Məsələn, məktəbdə yemək və ya nəqliyyat xərcləri varsa, bunlar nəzərə alınmalıdır. Eyni zamanda uşağa verilən pul onun bütün istəklərini qarşılayacaq qədər çox olmamalıdır. Çünki məqsəd uşağa istədiyi hər şeyi almaq imkanı yaratmaq yox, puldan düzgün istifadə etməyi öyrətməkdir.

 

Uşağa xərclik verərkən onunla sadə şəkildə danışmaq da vacibdir. Məsələn, "Bu pul sənin həftəlik xərcliyindir, necə istifadə edəcəyinə özün qərar verə bilərsən" deməklə uşağa müəyyən sərbəstlik vermək mümkündür. Beləliklə, uşaq həm seçim etməyi, həm də verdiyi qərarın nəticəsini görməyi öyrənir”

 

Psixoloqun sözlərinə görə, uşağın ehtiyacından xeyli artıq pul alması onun maliyyə vərdişlərinə mənfi təsir göstərə bilər.

 

“Uşağın ehtiyacından xeyli artıq pul alması onda hər istəyinin dərhal qarşılanmasına öyrəşmək vərdişi yarada bilər. Bu zaman uşaq pulun məhdud resurs olduğunu və seçim etməyin vacibliyini daha çətin öyrənir. Bəzi hallarda həddindən artıq xərclik impulsiv alış-verişə, israfa və sahib olduqlarını tez dəyərsizləşdirməyə səbəb ola bilər.

 

Digər tərəfdən, pul uşağa sevgi göstərməyin və ya onu sakitləşdirməyin əsas vasitəsinə çevrilməməlidir. Valideyn hər narazılıqda uşağa pul verirsə, uşaq zamanla emosional narahatlığını da pul və alış-veriş vasitəsilə aradan qaldırmağa öyrəşə bilər”, - deyə Nizami Orucov diqqətə çatdırıb.

 

Psixoloq uşaqlara xərclik verərkən valideynlərin yol verdiyi əsas səhvlərdən də danışıb. Onun sözlərinə görə, uşağa pul idarə etməyi öyrətmədən xərclik vermək və ya pul məsələsində həddindən artıq nəzarət etmək düzgün yanaşma deyil.

 

“Uşağa pul verilir, amma onun necə istifadə etməli olduğu izah olunmur. Digər bir səhv isə xərcliyi cəza və mükafat vasitəsinə çevirməkdir. Məsələn, "Dərsinə yaxşı oxusan, sənə pul verəcəyəm" və ya "Mənə qulaq asmasan, xərcliyini kəsəcəyəm" yanaşması pulun məqsədini dəyişir. Uşaq pulu məsuliyyət və planlaşdırma vasitəsi kimi deyil, valideynin davranışına görə verdiyi mükafat kimi qəbul edə bilər.

 

Daha sağlam yanaşma uşağa yaşına uyğun məbləğdə xərclik vermək, onunla pul haqqında danışmaq və müəyyən sərbəstlik yaratmaqdır. Uşaq pulunu necə xərcləyəcəyinə dair seçim etməli, amma həmin seçimin nəticəsini də görməlidir. Məsələn, bütün pulunu bir gündə xərcləyibsə, növbəti xərcliyə qədər gözləməli olduğunu bilməlidir. Əsas məqsəd uşağın sadəcə pula sahib olması deyil, pulu idarə etməyi öyrənməsidir. Bu bacarıq gələcəkdə onun maliyyə məsuliyyətinə və qərarvermə qabiliyyətinə təsir göstərə bilər”, - deyə psixoloq əlavə edib.

 

Nuray Dadaşzadə

#pul #tələsi: #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər