00:00:00
Yazar
Zəhra Həsənova
03.11.2026 23:24 34 2 dəq oxuma
Siyasət

Putinlə danışıqlar Kallasın nüfuzuna zərbə vurub - ŞƏRH

Putinlə danışıqlar Kallasın nüfuzuna zərbə vurub - ŞƏRH

Avropa liderlərinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa təmasları Aİ daxilində siyasi müzakirələrə səbəb olub. Finlandiya və Norveç liderlərinin bu addımı qurumun vahid xarici siyasət strategiyasını və Kaya Kallasın siyasi mövqeyini yenidən gündəmə gətirib.

 

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova bildirib ki, Avropa liderləri anlayırlar ki, Rusiya ilə münasibətləri normallaşdırmaq və müharibənin dayandırılması prosesində rol oynamaq üçün Putinlə birbaşa dialoq zəruridir.

 

“Avropa İttifaqının Putinlə birbaşa dialoqa keçməsi onu göstərir ki, artıq Avropa ölkələri də onu persona non grata elan etməklə heç bir nəticə əldə edə bilməyəcəklərini anlayırlar. Rusiya böyük dövlətdir və coğrafi baxımdan Avropa qitəsində yerləşir. Eyni zamanda, Rusiyanın Avropa sərhədlərinə yaxınlığı da bu ölkə ilə münasibətlərin əhəmiyyətini artırır.

 

Avropa liderləri müharibənin qarşısını almaq və onun qitəyə təsirlərini minimuma endirmək üçün Putinlə birbaşa dialoqa getməyin vacibliyini dərk edirlər. Finlandiya Prezidenti Aleksandr Stubbun və digər Avropa liderlərinin bu istiqamətdə atdığı addımlar da məhz bununla bağlıdır. Çünki onlar anlayırlar ki, birbaşa dialoq qurulmadığı təqdirdə nə müharibənin başa çatmasında, nə də gələcək danışıqlarda mühüm rol oynaya biləcəklər”. 

 

Ekspert qeyd edib ki, Kuşner və Vitkoffun vasitəçiliyi ilə həyata keçirilən təşəbbüslər də hələlik tam nəticə verməyib. Donald Trampın son bəyanatları fonunda Avropa İttifaqında keçiriləcək görüşlərdə Ukraynanın NATO-ya üzvlüyü məsələsinin yenidən gündəmə gətirilməsi də diqqət çəkir. Bu, müəyyən mənada Rusiyanın tələblərinin nəzərə alınması istiqamətində addımların atıla biləcəyini göstərir. Beləliklə, Ukraynanın Avropa İttifaqına üzvlüyü perspektivi qorunsa da, NATO-ya qəbul edilməməsi ehtimalı gündəmdə qala bilər. Bunun əvəzində Ukraynaya müəyyən təhlükəsizlik təminatlarının və digər güzəştlərin verilməsi müzakirə oluna bilər.

 

Ramiyə Məmmədovanın sözlərinə görə, Avropa liderlərinin Putinlə münasibətləri bərpa etməyə çalışması təbii siyasi prosesdir. Hər bir dövlət öz gələcəyini və təhlükəsizliyini düşünür. Avropa ölkələri də Rusiyanın enerji resursları və geosiyasi mövqeyini nəzərə alaraq münasibətləri normallaşdırmağa, eyni zamanda Moskvanın gələcək addımlarını əvvəlcədən qiymətləndirməyə çalışırlar.

 

Ekspert hesab edir ki, danışıqlar davam etdiyi müddətdə hərbi əməliyyatların da bir müddət davam etməsi mümkündür. Münaqişənin başa çatması üçün tərəflər arasında müəyyən razılaşmalar əldə olunmalıdır. Bu prosesdə Ukraynaya müəyyən güzəştlərin və təhlükəsizlik təminatlarının verilməsi, eyni zamanda Rusiyanın da bəzi tələblərindən geri çəkilməsi gündəmə gələ bilər. Yalnız bundan sonra tərəflərin ortaq məxrəcə gəlməsi və müharibənin başa çatması üçün real zəmin yarana bilər.

 

Arzum Ağazadə

#azərbaycan #gündəm #şərh #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər