00:00:00
Yazar
Zəhra Həsənova
18.05.2026 22:11 13 5 dəq oxuma
Sosial

Qəyyumluq pulu və müraciət tələbləri

Qəyyumluq pulu və müraciət tələbləri

Qəyyumluq institutu valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini təmin edən ən mühüm mexanizmlərdən biridir. Qəyyumluq pulu insan həyatının ən zərif dövrlərində müdafiəsiz qalan uşaqlara sabitlik və təhlükəsizlik bəxş edir və sosial rifahın vacib xəttini təşkil edərək, ən həssas təbəqənin sabit gəlir mənbəyinə çevrilir.

 

Mövzu ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Məhəmməd Səfərov “İnformator.az”a açıqlamasında bildirib ki, qəyyumlar qəyyumluqda olan şəxslərin qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar:

 

"Qəyyumluq və himayəçilik, hüququn ən vacib institutlarından biridir. Qəyyumluq və himayəçiliyin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitutsiyası, Mülki Məcəllə, Ailə Məcəlləsi, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi” haqqında Qanun və digər normativ hüquqi aktlar təşkil edir. 22 iyun 1999-cu il tarixdə qəbul olunmuş “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanunun 1.1.4-cü maddəsinə əsasən qəyyumluq və himayə - valideyn himayəsindən məhrum olmuş uşaqların saxlanılması, tərbiyə olunması və təhsili, habelə hüquq və mənafelərinin müdafiəsi məqsədilə onların yerləşdirilməsi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdud fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Yetkinlik yaşına çatmayanların valideynləri və ya onları övladlığa götürən şəxslər olmadıqda, valideynləri məhkəmənin qərarı ilə valideynlik hüququndan məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda, onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. Qəyyumlar qəyyumluqda olan şəxslərin qanun üzrə nümayəndələri olur və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar.
Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.
Azərbaycanda valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üzərində qəyyumluq (və ya himayəçilik) təyin edildikdə, həmin uşağın saxlanılması üçün dövlət  aylıq müavinət ödəyir. Bu ödəniş uşağın gündəlik ehtiyaclarının - qida, geyim, təhsil, tibbi xidmət və digər xərclərin qarşılanmasına yönəlib. Hazırda bu məbləğ 140 manat təşkil edir. Valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət verilməsi üçün uşaq üzərində rəsmi qəyyumluq təyin olunmalıdır. Qəyyumluğu yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanı  təyin edir və bu barədə qərar (sərəncam) qəbul olunur. Sərəncam alındıqdan sonra ilk növbədə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanununun 7.0.9-cu maddəsinin tələblərinə uyğun olaraq ailəyə ünvanlı sosial yardım təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial portalı, DOST mərkəzləri və ya Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə ərizə ilə müraciət olunmalıdır. Əgər ailənin ünvanlı sosial yardım almaq hüququ olarsa, bundan sonra qəyyumluq (himayəçilik) müavinətinin alınması üçün müvafiq orqana (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial portalı, DOST mərkəzləri və ya Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə) ərizə ilə müraciət olunmalıdır. Müraciətlərə adətən 10 iş günü ərzində baxılır. Müraciət üçün qəyyumun şəxsiyyət vəsiqəsi, uşağın şəxsiyyət vəsiqəsi, qəyyumluğun təyin edilməsi barədə qərar(sərəncam) tələb edilir. Qanunvericiliyə əsasən ünvanlı sosial yardım 1 il müddətinə təyin olunur. Valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət isə uşaq 18 yaşına çatanadək verilir. Ünvanlı sosial yardımın müddətinin bitməsi valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət verilməsini dayandırmır".


Həmçinin vəkil qeyd edib ki, qəyyumun fəaliyyəti mütəmadi olaraq yoxlanılır, qəyyumluq altındakı şəxsin hüquqları və rifahı monitorinq edilir:

 

"Qəyyumluq pulunun digər sosial yardımlarla birlikdə alınması qüvvədə olan qanunvericiliyə əsasən mümkündür. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanununun 5.1-1-ci maddəsinə əsasən “bu Qanunun 4.0.1.1 – 4.0.1.3-cü və 4.0.1.5 – 4.0.1.6-cı maddələrində nəzərdə tutulan müavinətlərdən birini almaq hüququ olan şəxslərin bu qanunun 4.0.1.14-cü və ya 4.0.1.15-ci maddələrində nəzərdə tutulan müavinəti almaq hüququ yarandıqda, həmin şəxslərə hər iki müavinət təyin edilir.” Yəni, valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətlə yanaşı dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət də verilə bilər.
Valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinət üzrə hesabat verilməsi düzgün hesab olunmamalıdır. Çünki bu məbləğ qəyyuma (himayəçinin) ödənilən məbləğdir. Bu müavinəti onlara dövlət çəkdikləri əziyyətə görə verir. O bu məbləği istədiyi kimi xərcləyə bilər. Eyni zamanda, qəyyumluq və himayəçilik institutunun səmərəli fəaliyyəti üçün dövlətin daimi nəzarəti və dəstəyi vacibdir. Azərbaycan Respublikasında qəyyumluq və himayəçilik məsələlərinə icra hakimiyyətləri, sosial müdafiə orqanları və məhkəmələr nəzarət edir. Qəyyumun fəaliyyəti mütəmadi olaraq yoxlanılır, qəyyumluq altındakı şəxsin hüquqları və rifahı monitorinq edilir. Yerli icra hakimiyyətlərinin qəyyumluq və himayəçilik orqanının qəyyumluq və himayəçilik komissiyaları mütəmadi olaraq yoxlamalar və monitorinqlər aparır. Əgər hər hansı mənfı hallar aşkar olunarsa, bu zaman şəxs qəyyumluqdan (himayəçilikdən) kənarlaşdırılır. Bu da valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin dayandırılmasına səbəb olur".

#yeni #xəbər #müraciət #gündəm #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər