Qadın basketbolu və onun inkişafı
Qadın basketbolu son illərdə Azərbaycanda çox diqqət çəkir. Gənc qızların idmana marağı artır, komandaların sayı genişlənir və bu sahədə inkişaf üçün yeni imkanlar yaranır, ancaq böyük irəliləyiş üçün həm Federasiyanın, həm də cəmiyyətin dəstəyi vacibdir.
Mövzu ilə bağlı “İnformator.az” gənclərin və Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyevin məsələyə olan münasibətlərini öyrənib.
Basketbola marağı olan Səbuhi Əzənmədli qeyd edib ki, bu idmana marağı artırmaq qızlara sağlamlıq və boy inkişafı üçün dəstəkdir:
“Qadın basketbolunu inkişaf etdirmək çox asandır. Bunun üçün şəhər və rayonlarda, əlçatan yerlərdə stadionlar, məşq yerləri tikilməlidir”.
Aygün Babayeva isə qeyd edir ki, Azərbaycanda qadın basketbolu bir o qədər inkişaf etməyib:
“Bəzi ailələrdə qızların bu cür yarışlara, ümumilikdə idmana qoşulması məqsədəuyğun görünmür. Bu isə qadın basketbolunun inkişafı üçün mənfidir. Əgər məktəblərdə qızlar üçün basketbolla bağlı məlumatlandırıcı təlimlər, maraqlı yarışlar təşkil olunsa, bu bəlkə də inkişaf üçün təkan olacaq”.
Basketbola marağı olan gənclərdən biri də Səid Bağırovdur:
“Qızları idmana cəlb etmək üçün müxtəlif təkliflər irəli sürmək olar. Məktəblərdə müxtəlif basketbol yarışları təşkil edərək, sonda hər hansı mükafatla təltifnamə mərasimi keçirilə bilər”.
Məsələ ilə bağlı Azərbaycan Basketbol Federasiyasının mövqeyi isə belədir:
Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Əliyev açıqlamasında bildirib ki, biz 2024-cü ildə 3×3 qadın basketbol yarışlarında, Paris Olimpiadasında təmsil olunmuşuq:
“İndi həmin heyətin bir neçə üzvü də, məhz üç üzvü İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb. Çempionluğa real namizəddir. 3×3 qadın basketbolun inkişafı da buna, müəyyən mənada, təkan verir. Basketbol qadınlar arasında məşhur oyunlardan biridir. Ümumiyyətlə, qadın basketboluna maraq günü-gündən artır. Valideynlər artıq inanırlar ki, buradan övladları gələcəkdə biznes tərkibində maaş alaraq öz həyatlarını irəli apara biləcəklər. Bununla yaşam tərzini formalaşdıracaqlar. Basketbol bu istiqamətdə də inkişaf yolundadır. Ölkədə qadın basketbolu haqqında əvvəllər valideynlər bəlkə də tərəddüd ediblərsə, artıq şəxsən mən, federasiyanın mətbuat katibi olaraq, nə qədər zəng qəbul edirəm. Qadın basketbolu haqqında valideynlər öz uşaqlarını, ən əsası qızlarını basketbol məktəblərinə yazdırmaq istəyirlər və təbii ki, inkişaf gözlə görünəndir”.
Müsahibimiz inkişaf üçün infrastruktur və resurslar məsələsinə də toxunub:
“Zallarda məşqlər üçün böyük şərait də yaradılıb. Məsələn, Erven Alkayanın “AzStars Basketbol” qadın klubu var. Müxtəlif təhsil ocaqlarında, məsələn, Azərbaycan Texniki Universitetinin idman zalında müəyyən məşqləri kəskinləşdiririk. Qadın basketbolunun inkişafı birdən-birə əmələ gələn bir şey deyil. Növbəli şəkildə bunlar hamısı gələcək dövr üçün planlaşdırılır. Biz yalnız gələcəyə baxırıq və ümid edirik ki, qadın basketbolu istədiyimiz səviyyəyə gələcək”.
Zəhra Möhübbətova
