Qadın hökmran olmadan da öz düşüncəsi ilə hər kəsə hökm edə bilər
“Azərbaycan reallığında hələ Hüseyn Cavid, Nizami Gəncəvi, Füzuli, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı kimi görkəmli şəxsiyyətlərin dövrlərindən başlayaraq “Qadın azadlığı” mövzusuna yetəri qədər toxunulub. O dövrlərdən bu mövzuda mübarizələr aparılmağa başlanılıb”.
Bu sözləri İnformator.az-a açıqlamasında psixoloq Ləman Məmmədova söyləyib. Onun sözlərinə görə, qadın hegemon, hökmran olmalı deyil.
“Qadın, qadın olmalıdır. Qadın hökmranlıq etməyə başladığı zaman, o, qadınlıqdan çıxır. Qadın, “hökmran olacam”, “kontrol mənim əlimdə olmalıdır” anlayışında olduğu müddətdə, onu azadlıqdan məhrum edən şəxslərdə daim ətrafında olacaq. Hər kəsin azadlıqla bağlı düşüncəsi fərqlidir. Qadın hökmran olmadan belə öz düşüncə və ifadə tərzi ilə insanlara hökm edə bilər”.
Psixoloq düşünür ki, qarşılıqlı münasibətə girən fərdlər bir-birinə ehtiyaclarını normal bölüşə bilmirlər.
“Gözləyirlər ki, ilk addımı qarşı tərəf artsın. Bunun nəticəsində isə aqressiya güclənir, konfliktlər yaranır. Bundan sonra hər 2 tərəfdə hökmranlıq etmə ehtiyacı yaranır. Halbuki, vaxtında hər kəs öz istəyini qarşı tərəfə bildirsə, konfliktlər də yaşanmaz. Normal təfəkkürə sahib olan insanın hökmranlıq düşüncəsi də olmaz”.
Həcər Əmiraslanlı
