Qadının psixoloji olaraq çəkə biləcəyi yükü kişilər çəkə bilməz.
“Bəzi ölkələr var ki, həmin ölkələrdə qadınlar kişilərlə paralel olaraq, onlarla eyni işdə çalışırlar. Məsələn, xaricə nəzər salsaq, xanımlarımız arasında nəqliyyat sürücüləri də var, pilotlar da. Hətta bəzi ölkələr var ki, qadınlar orada ən ağır işlərdə, o cümlədən şaxtalı havada belə çalışırlar”.
Bu sözləri İnformator.az-a açıqlamasında tanınmış psixoloq Gülnar Orucova söyləyib. Psixoloqun sözlərinə görə, biz də bu hallar kifayət qədər azdır.
“Azərbaycanda qadınlar taksi sürücüsü kimi fəaliyyət göstərsə, cəmiyyət dərhal əks reaksiya verməyə başlayacaq. Çünki cəmiyyətdə belə bir fikir formalaşıb ki, qadın zərifdir, incədir. Amma bunu unutmaq olmaz ki, qadının zərif olması, gücsüz olacağı mənasına da gəlmir. Qadınlar güclüdürlər”.
Psixoloq düşünür ki, bir qadının psixoloji olaraq çəkə biləcəyi yükü kişilər çəkə bilməz.
“Elə buna görə də, infarkt halları əsasən, kişilər arasında müşahidə olunur. Çünki kişilərin beyni bu psixoloji yüklənməni qəbul edə bilmir. Buna etiraz olaraq da, onlar arasında insult hallarına daha sıx rast gəlinir”.
Gülnar Orucovanın sözlərinə görə, Azərbaycanda bəzi bölgələr var ki, o bölgələrdə qadını oxumağa belə qoymurlar.
“Məsələn, qadını oxumağa qoymur, amma yoldaşına həkim lazım olsa, deyir ki, “arvadıma kişi həkim baxmasın”. Onda ortaya sual çıxır ki, sən əgər qadının oxumağına qarşısansa, sənin həyat yoldaşına niyə kişi həkim baxmamalıdır? Axı sən qadınların təhsil almasına etirazçısan. Hər zaman, uzun illər boyu tarixdə də kişilər idarəetmə qabiliyyətinə xas olublar”.
Psixoloq deyir ki, insanların beynində belə bir düşüncə formalaşıb ki, rəhbər hər zaman kişi olmalıdır.
“Seçkilərdə də, məsələn deputatların seçilməsində də əhali daha çox kişilərə üstünlük verir. Qadınları kişilərdən zəif bilərək, düşünürlər ki, belə işlərin öhdəsindən ancaq kişilər gələ bilərlər. Bu bəlkə də, bizim psixologiyamızdan irəli gələn bir şeydir. Xaricdə bəzi ölkələrdə qadınlar əsgər belə gedirlər. Amma Azərbaycanda belə bir qanun yoxdur. Biz də “qadına bu yaraşmaz”, “qadın o hərəkəti edə bilməz” kimi qaydalar var”.
Gülnar Orucova cəmiyyətdə qadınlara şamil edilən qaydaların, onların zəif görünməsinə şərait yaratdığını düşünür.
“Bu gün seçkilərdə belə qadınla kişi yan-yana duran zaman çox adam kişiyə səs verir. Düşünür ki, kişi daha güclüdür. Cəmiyyətdə kişilərə daim daha böyük rol verilib. Elə analarımız da daim oğul övladı dünyaya gətirmək istəyiblər”.
Psixoloq bu gün abortların sayının çoxalmasının səbəbini isə valideynlərin ən çox oğul övlad istəməsində görür.
“Aşağı yaşlardan etibarən, hətta dünyaya gəlmədən öncə oğul övlada verilən üstünlüklər, “kişi qadından güclüdür” fikrini formalaşdırır. İllər keçsə də, insanlar düşünür ki, kişi daha ədalətlidir, güclüdür, daha yaxşı idarəedəndir”.
G.Orucova qeyd edir ki, bu gün Azərbaycanda qadınların sayı kişilərə nisbətən, vəkillər arasında da, hakimlər, o cümlədən rektorlar arasında da azdır.
“Amma müəllimlikdə qadınlarımızın sayı kifayət qədər çoxdur. Çünki hamı istəyir ki, qadın müəllim olsun. Amma bu gün müəllim vəzifəsində kişiləri tapmaq çətindir. Bunun səbəbi isə indi heç kimin bu sahəyə meyl salmaq istəməməsidir”, - deyə psixoloq əlavə edib.
Həcər Əmiraslanlı
