Qafqaz Albaniyası irsinin öyrənilməsi: beynəlxalq elmi bazanın yaradılması təklif olunur
Qafqaz Albaniyasının irsinin daha dolğun araşdırılması üçün beynəlxalq elmi standartlara uyğun bazanın yaradılmasına ehtiyac var.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli məclisin deputatı ,ictimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Allahverənov bildirib ki, Qafqaz Albaniyasının irsinin daha dolğun öyrənilməsi üçün beynəlxalq elmi standartlara uyğun geniş elmi bazanın yaradılmasına ehtiyac var:
“Müxtəlif ölkələrdə bu istiqamətdə aparılan araşdırmaların ümumiləşdirilməsi və müstəqil tədqiqatçılar üçün əlçatan elmi resursların hazırlanması vacibdir.Qafqazşünaslıq və kilsə tarixi üzrə ixtisaslaşan mütəxəssislərin iştirakı ilə beynəlxalq simpoziumların keçirilməsi, Qafqaz Albaniyasının xristian irsi ilə bağlı obyektiv müzakirə platformasının yaradılması mühüm əhəmiyyət daşıyır. Mövzu ətrafında siyasiləşmə meyllərinin artdığı bir vaxtda məsələnin elmi və akademik müstəvidə araşdırılması daha məqsədəuyğundur”.
Deputat qeyd edib ki, Qafqaz Albaniyasına məxsus abidələrin vahid rəqəmsal reyestrinin hazırlanması, abidələrin, daş kitabələrin və digər maddi irs nümunələrinin foto və digər
görüntülərinin toplanması da mühüm addımlardandır.
Belə məlumat bazasının yaradılması gələcək elmi araşdırmalar üçün ciddi zəmin formalaşdıra bilər.Araşdırmalarda yazılı mənbələr, kitabələr, arxeoloji təbəqələr və digər sübutlar əsas götürülməli, arxeoloji və memarlıq tədqiqatları beynəlxalq ekspertizadan keçirilməlidir. Radiokarbon, dendroxronologiya və material analizləri kimi müasir elmi metodlardan istifadə etməklə Qafqaz Albaniyasının tarixi və xristian irsi ilə bağlı daha əsaslandırılmış nəticələr əldə etmək mümkündür.
Azər Allahverənovun sözlərinə görə,Qafqaz Albaniyası və onun xristian irsi ilə bağlı müasir elmi nəticələrə və tarixi mənbələrə əsaslanan tədris proqramlarının hazırlanması da vacibdir.
Eyni zamanda, Udi icmasının dili, dini baxışları və mədəni xüsusiyyətlərinin bu irsin yaşayan nümunəsi kimi araşdırılması mövzunun daha geniş aspektdən öyrənilməsinə imkan verə bilər.
Nurgün Qənizadə