00:00:00
Yazar
Admin User
02.01.2026 17:50 48 2 dəq oxuma
Dünya

Qambiya sahillərində onlarla kişi dənizdə itkin düşüb

Qambiya sahillərində onlarla kişi dənizdə itkin düşüb

Qambiya sahillərində təxminən 200 miqrantı daşıyan bir qayığın aşması nəticəsində azı 7 kişi həyatını itirib, çox sayda kişi isə dənizdə itkin düşüb.

 

Səlahiyyətlilər Avropaya çatmağa çalışan miqrantları daşıyan qayığın çərşənbə gecə yarısı Şimal Bankı bölgəsindəki Jinack kəndi yaxınlığında aşdığını açıqlayıblar.

 

Qambiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qəza baş verdikdən sonra qayıq qum səddində oturmuş vəziyyətdə tapılıb. İspaniyanın Kanar adalarına doğru yola çıxdığı öyrənilən qayığın sərnişinlərindən indiyədək 96 nəfər xilas edilib. İtkin düşən şəxslərin axtarış-xilasetmə işləri davam etdirilir.

 

Nazirlik qəzanın ardından Qambiya Donanmasının çoxsaylı dəniz vasitələri və köməyə gələn bir balıqçı qayığı ilə axtarış-xilasetmə əməliyyatına başladığını açıqlayıb.

 

Səlahiyyətlilər qurbanların bir hissəsinin Qambiya vətəndaşı olmadığını və şəxsiyyətin müəyyənləşdirilməsi işlərinin davam etdiyini bildiriblər. Boğularaq həyatını itirən 7 nəfərin cəsədinə çatıldığı, xilas edilənlərdən 10 nəfərin vəziyyətinin ağır olduğu və təcili tibbi müalicə aldıqları qeyd olunub.

 

Qərbi Afrikalı miqrantlar və sığınacaq axtaranlar Avropanın materik hissəsinə Kanar adaları vasitəsilə çatmaq üçün Qambiyadan getdikcə daha çox çıxış nöqtəsi kimi istifadə edirlər. Atlantik okeanı üzərindən həyata keçirilən bu səfər miqrantlar üçün ən təhlükəli marşrutlardan birinə çevrilib.

 

Avropa Birliyinin son illərdə qeyri-qanuni miqrasiyanı azaltmaq məqsədilə bəzi Şimali Afrika ölkələri ilə razılaşmalar imzalaması miqrantları daha uzun və təhlükəli olan Atlantik marşrutuna yönəldib.

 

2024-cü ildə təxminən 47 min nəfər Kanar adalarına çatmağı bacarıb. Vətəndaş cəmiyyəti təşkilatı Caminando Fronterasın məlumatına görə isə bu səfər zamanı 9 mindən çox miqrant həyatını itirib.

 

TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər