00:00:00
Yazar
Admin User
27.09.2023 07:46 430 2 dəq oxuma
Sosial

Qanlı günlərdən 3 il keçir artıq...

Qanlı günlərdən 3 il keçir artıq...

Zəfərimizin başlanğıcı iyul ayındaki antiterror əməliyyatlarından sonra qoyuldu. Həmin əməliyyatdakı dövlətimizin generalı Həşimov Poladı, palkovnikimiz Mirzəyev İlqarı itirdik. Xatırlayıram, xəbəri eşitdiyim an ürəyim elə titrədi ki... Bu, həm ordumuzun qalibiyyətindən, həm də ard-arda eşidilən şəhid xəbərlərindən irəli gəlirdi. Cəbhədə olan əsgərlərimizdə qalmışdı ürəyim.

 

Nə yemək yeyə bilirdik, nə də boğazımızdan bir qurtum su keçirdi... isti yatağımızda olanda belə utanırdıq özümüzdən. Halbuki mənim nə cəbhədə olan oğlum, nə atam, nə də həyat yoldaşım vardı. O anaların, bacıların kədərini ürəyimdə hiss edirdim sanki...

 

Əvvəl payız aylarını o qədər sevirdim ki, artıq hər sentyabr gələndə bir hüzn bürüyür ürəyimi. Yağışı çox sevməyimə rəğmən müharibə boyunca dua edirdim ‘Allahım sən əsgərlərimizi soyuğla sınama’ deyə. Elə ilk qələbə xəbərini də 27-si aldıq. ‘Füzulinin 4 kəndi, Cəbrayılın isə 2 kəndi işğaldan azad olunub, gözümüz aydın olsun!’ deyə kövrələrək qələbə xəbərini çatdırmışdı aparıcımız.

 

O andan gözümüz televiziyadan ayrılmırdı, o qədər alışmışdıq ki, artıq qələbə xəbərlərinə. Prezidentimiz nə vaxt çıxış etsə, bütün xalq olaraq diqqətlə dinləyirdik, görəsən, bu gün hansı torpağımızda şanlı bayrağımız dalğalandı?’ deyə. Amma eyni zamanda qəlbimizdən keçən bu sual da gəmirirdi içimizi -  ‘görəsən bu gün hansı igidimizi itirdik, görəsən, bu gün hansı evə od düşdü?’ deyə.

 

Mülki şəhidlərimiz də oldu. Tərtər, Ağdam, Gəncə, Bərdə müharibə boyunca mərmi yağışlarına, bombalara tuş gəldi. Axı evlərində əsgərlər üçün dua edən, bacardığı qədər onlara yardım edən əhalinin nə günahı vardı? Axı gecənin birində Gəncəyə atılan roket zamanı həlak olan məktəblilərin, uşaqların, qadınların nə günahı vardı? Bəs eyni gündə valideynlərinin ikisini də itirən Sevil və qardaşları? ‘Övladımın bağırsağlarını əllərimlə yığdım’ deyən atanın nə günahı vardı? Amma mən əminəm ki o körpələrin də, əsgərlərimizin də ruhu şaddır...

 

Çünki damla-damla qanlarının töküldüyü Füzuli bizdədir, Qubadlı, Hadrut, Suqovuşan bizdədir. Əlbəyaxa döyüşlərlə alınan Şuşa bizdədir! Xüdafərin körpüsündə Azərbaycan bayrağı dalğalanır artıq. Nə böyük uğur, nə böyük sevinc, necə qürurlu qələbə! Şükürlər olsun ki vətən torpağımızda biz gəzirik artıq. Allah şəhidlərimizə rəhmət etsin, hər birini dərin hörmət və ehtiramla yad edirik, məkanları cənnət olsun...

 

SEVİNC YARMƏMMƏDOVA

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər