00:00:00
Yazar
Elmira Ağayeva
07.08.2026 00:05 24 2 dəq oxuma
Sosial

 "Qanunları əzbərləmək kifayət etmir" – Təhsil eksperti

 "Qanunları əzbərləmək kifayət etmir" – Təhsil eksperti

 

Bu gündən etibarən məktəb direktorlarının işə qəbulu üzrə müsahibə mərhələsinə start verilib. Bəs builki müsahibələrdə əvvəlki illərlə müqayisədə hansı bacarıqlar daha çox qiymətləndiriləcək?


Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən təhsil eksperti Afərim Seyidova bildirib ki, müasir məktəb direktorunun qiymətləndirilməsində əsas diqqət yalnız hüquqi biliklərə deyil, real idarəetmə bacarıqlarına və liderlik keyfiyyətlərinə yönəlməlidir.

 

Ekspertin sözlərinə görə, builki müsahibələrdə namizədlərin kompetensiyaları, strateji planlaşdırma bacarıqları, analitik düşüncə tərzi, innovativ yanaşması və məktəbin inkişafını təmin edə biləcək idarəetmə qabiliyyəti ön planda olmalıdır:

 

"Məktəbə elə bir rəhbər seçilməlidir ki, o, təkcə qanunvericiliyi bilməsin, həm də düzgün qərarlar qəbul etməyi, kollektivlə səmərəli işləməyi, problemləri təhlil edib həll yolları təqdim etməyi bacarsın. Direktor məktəbin inkişafını planlaşdıra, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində nəticəyönümlü fəaliyyət göstərə bilməlidir. Bəzi namizədlər müsahibəyə hazırlaşarkən əsasən qanunvericilik sənədlərini əzbərləməyə üstünlük verirlər. Lakin bu, uğur qazanmaq üçün kifayət etmir. Qanunvericiliyi bilmək vacibdir. Ancaq bununla yanaşı, müəllimlərlə işləmək bacarığı, liderlik keyfiyyətləri, inklüziv təhsilə və rəqəmsallaşma proseslərinə uyğunlaşmaq, müasir təhsil yanaşmalarını tətbiq etmək kimi bacarıqlar da qiymətləndirilməlidir".

 

Ekspert vurğulayıb ki, bu gün "müdir" və "lider" anlayışları fərqli məna daşıyır. Onun fikrincə, müasir məktəb direktoru sadəcə inzibati idarəçi deyil, tədrisin keyfiyyətinə rəhbərlik edən, kollektivə motivasiya verən və məktəbin inkişafına istiqamət göstərən lider olmalıdır.

 

"Müsahibə mərhələsində namizədlərin analitik düşüncəsi, innovativ yanaşması, liderlik bacarığı, çətin situasiyalarda qərarvermə qabiliyyəti və nəticəyönümlü fəaliyyəti kompleks şəkildə qiymətləndirilməlidir. Çünki müasir təhsil sistemi məhz bu keyfiyyətlərə malik rəhbərlərə ehtiyac duyur".

Süsən Mərdalıqızı

#Məktəb #direktorlar #müsahibə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər