Qapanmalar olacaq?
COVİD-19-un yeni variatı Eris artıq dünyada sürətlə yayılmaqdadır. Yeni ştamma Türkiyədə də rast gəlinib. Pandemiyanın bitməsini gözləyərkən yeni mutasiyanın yaranması dünyanı təşvişə salıb. 50-dən çox ölkədə görülən və dominant varianta çevrilən Eris-in Türkiyəyə də çatması insanları narahat edib. Ölkənin səhiyyə naziri Fəxrəddin Qoca yeni varianta 9 nəfərdə rast gəlindiyini, yoluxanların xarici ölkələrlə təmasda olanlarda qeydə alındığını bildirib. Türkiyəli həkimlərin fikirincə, insanların qapalı və sıx yerlərdə daha çox vaxt keçirməsi virusun yayılmasına müsbət təsir edir. Bunun üçün gigiyenik qaydalara riayət etməklə yanaşı, açıq hava şəraitində daha çox vaxt keçirilməli, qapalı məkanların mütəmadi havalandırılmasına önəm verilməlidir.
Türkiyəli həkimlər qışın başlaması ilə əlaqəli mövsümi qripin artacağını proqnozlaşdırır. Bildirirlər ki, koronavirusun yeni variantları ilə mövsümi qrip bir-biri ilə qarışa bilər. "Buna görə də sentyabrdan etibarən maska, məsafə və gigiyena qaydalarına geri dönməyi tövsiyə edirik. Bu qaydalara riayət olunsa, eris və pirola variantları kimi yeni variantların ölümcül xəstəlik yaratma ehtimalını ortadan qaldıra bilərik".
Azərbaycanda da Covid-19-a yoluxma sayı 100-ü keçib. Həkimlər bildirirlər ki, ölkədə yeni virusa rast gəlinməsə də, bu variantın qeydə alınma riski çoxdur. Ona görə də qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Həkim Zakir Quliyevin sözlərinə görə, yuxarı tənəffüs yolu simptomları ön plandadır. "Boğaz ağrısı, qızdırma, öskürək, burun axıntısı kimi şikayətlər, əzələ ağrısı kimi şikayətlər biz daha çox görürük. Pnevmaniya və ya mədə-bağırsaq simptomlar yoxdur. Qrip də, eris də yuxarı tənəfüs yollarını sevdiklərinə görə simptomları demək olar ki, çox vaxt eyni olur. Qrip virusu da ciddi mutasiyaya uğrayan virus olduğuna görə hər il qrip virusunun onlarla mutasiyaları var. Eyni qaydada o koronavirusda da tendensiyaya gəlib çıxacaq".
Həkimlər yeni virusun pandemiya ilə nəticələnib qapanmalara səbəb olacağı ehtimalının olmadığını deyirlər. Çünki Eris virusunda əvvəlki variantlarla müqayisədə ölümcül deyil, sadəcə yoluxma riski yüksəkdir.
LƏMAN
