00:00:00
Yazar
Admin User
03.02.2026 16:06 45 2 dəq oxuma
İdman

"Qarabağ"a layiqli rəqib tapılıb

"Qarabağ"a layiqli rəqib tapılıb

Misli Premyer Liqasında çempionluq yarışı getdikcə daha da qızışır. “Sabah” və “Qarabağ” arasında yaranan xal fərqi mövsümün sonuna qədər bizi gərgin və maraqlı futbol mübarizəsinin gözlədiyini göstərir.


" "Sabah" komandasının 4 xal irəlidə olması psixoloji baxımdan onlara üstünlük verir. Komanda yaxşı formadadır".


Bu sözləri idman şərhçisi Elşən Məmmədov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, klub bütün rəqiblərinə qarşı yüksək səviyyəli oyun nümayiş etdirir. Bu da təbii ki, legionerlərin sayəsindədir:

 

"Komanda heyətinə bu mövsüm səviyyəli legionerlər cəlb edib və baş məşqçinin uğurlu taktiki gedişləri, oyuna müdaxilə etmək qabiliyyəti yüksək səviyyədədir. Bu da özünü nəticələri ilə göstərir. Komandanın irəli getməsinin bir səbəbi də "Qarabağ"ın xal itkiləri olub. Mövsümün birinci yarısının son oyununda "Sabah"a məğlubiyyəti, qış fasiləsindən sonra "Kəpəz"lə oyunda ev məğlubiyyəti komandanı geri salıb. Hazırda "Sabah" və "Qarabağ" arasında 4 xallıq fərq var. "Qarabağ"ın Çempionlar Liqasında gərgin qrafiklə çıxış etməsi, qrupdan çıxaraq əsas mərhələni dəf edib "pley-off"a çıxması istər-istəməz komandada yorğunluq yaradıb. Bu, çempionata köklənməsində problemlər yaradacaq. Qarşıdakı turlarda "Qarabağ"ın yenə xal itirmə riski var. Bu amillərdən "Sabah" komandası istifadə etməlidir".

 

Müsahibin sözlərinə görə, mövsümün ikinci - həlledici mərhələsində təcrübə faktoru böyük rol oynayacaq. "Qarabağ" avrokuboklarda çıxışını başa vurduqdan sonra çempionata daha çox köklənir:


" "Qarabağ" nə qədər ki, avrokuboklarda çıxış edir, onun yenə xal itirmə riski var. Sonrakı mərhələdə təcrübə faktorundan nə qədər istifadə edə bilsə də, əgər indiki məqamda xal itkisi yenə də davam etsə, bu mövsümün qalan hissəsində "Qarabağ" üçün yetərli olmaya bilər. Artıq itirilən xalları həmin dövrdə bərpa etmək çətin olacaq. Ən azı "Qarabağ" indiki məqamda xal fərqinin dördü keçməsinə imkan verməməlidir. Klub "Sabah"la qarşıda qalan iki oyunda qələbə qazansa, yenidən liderliyi ələ ala bilər".

 

Şərhçi qeyd edib ki, uzun müddətdən sonra "Qarabağ"a layiqli rəqib ortaya çıxıb:

 

"Bu da Premyer Liqada legioner limitinin götürülməsindən sonra mümkün olub. Artıq əcnəbilərə məhdudiyyət qoyulmadığı üçün istənilən sayda legioner oyunçu gətirərək çempionluqda müəyyən hədəflər uğrunda mübarizə aparmaq olar. "Bu Azərbaycan futboluna nə qazandırır, nə qazandırmır" demək isə çətindir. Ola bilsin ki, Premyer Liqada rəqabət yaradır, amma milli komandada yerli futbolçu seçimi üçün ağır nəticələrə gətirib çıxara bilir".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər