“Qarabağ-Ayaks oyunu pley-off üçün həlledici qarşılaşmadır”
“Qarabağın Ayaksla keçirəcəyi oyun çox vacib bir oyundur. Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq üçün həlledici qarşılaşmadır”.
Bu sözləri “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev deyib.
Ekspertin sözlərinə görə, “Qarabağ” qələbə qazanacağı halda xalını 10-a yüksəldəcək və bu, klubun növbəti mərhələyə çıxması üçün kifayət edəcək:
“Qarabağ bu qarşılaşmadan qalib ayrıla bilər. Ayaks köklü klub olsa da, bu mövsüm Çempionlar Liqasında 1 xal belə toplaya bilməyib, həmçinin daxili çempionatda da uğursuz çıxış edirlər. Rəqibin bu mənfi tərəflərini nəzərə alaraq, Qarabağ bu fürsətdən maksimum yararlanmalıdır”.
Ekspert əlavə edib ki, hazırda Ayaks qarşılaşmaya ciddi hazırlaşır və bütün gücünü ortaya qoymağa çalışacaq:
“Bu bizim də xeyrimizə ola bilər. Çünki Ayaks daha çox hücuma meylli oynayacaq və belə olan halda onların müdafiəsində boşluqlar yaranacaq. Nəticə etibarilə, doğma azarkeşlər önündə parlaq qələbə qazana bilərik”.
O, eyni zamanda qarşılaşmada yüksək performans gözlədiyi futbolçunun adını da açıqlayıb:
“Nəriman Axundzadə uzun fasilədən sonra meydanda özünü yaxşı göstərə bilər. Baş məşqçi Qurban Qurbanov ona şans verəcəyi halda, bu futbolçudan yaxşı oyun gözləmək olar”,-deyə o, fikirlərini yekunlaşdırıb.
Amin Canayev
