“ “Qarabağ” Azərbaycan futbolunda liderdir”
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya klublarının yeni reytinq siyahısını açıqlayıb. Ağdamı təmsil edən klub ötən reytinq cədvəli ilə müqayisədə bir pillə geriləyib. “Qarabağ” hazırda 182,5 xalla 69-cu pillədə qərarlaşıb.
Mövzu ilə bağlı idman şərhçisi Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, “Qarabağ”ın reytinq cədvəlində geriləməsi əslində faciəvi hal deyil və bunu normal qarşılayır:
“Əslində ilk 100-lüyə daxil olmaq özü böyük uğurdur. Hazırda komanda 69-cu pillədə qərarlaşıb və yəqin ki, əvvəlki oyunların nəticələri buna təsir edib. Bu cür geriləmələr normaldır və bunda ciddi problem görmürəm. Komanda yenidən irəliləyəcək, yeni uğurlar qazanacaq və mövqeyini daha da yaxşılaşdıracaq. Ümumiyyətlə, “Qarabağ” Azərbaycan futbolunda liderdir. Digər yerli klublarla müqayisədə daha güclüdür və bunu Avropa səhnəsində uzun illərdir sübut edir. Təkcə Azərbaycan futbolunda deyil, ümumilikdə regionda, hətta postsovet məkanında avrokuboklar baxımından “Qarabağ”dan üstün komandanın olduğunu demək çətindir. Bu çox sevindirici haldır. Ümid edirik ki, bu tendensiya davam edəcək və “Qarabağ” təkcə region klubları arasında deyil, Avropa klubları sırasında da daha yüksək pillələrə yüksələcək. O ki qaldı komandadakı dəyişikliklərə, daha uğurlu çıxış üçün transferlərə ehtiyac var. Təəssüf ki, bu istiqamətdə hələlik ciddi addımlar atılmır, baxmayaraq ki, transfer zərurəti müzakirə olunur. Xüsusilə hücum xəttində güclənməyə ehtiyac olduğu açıq görünür. Ola bilsin ki, ayın sonuna qədər bu istiqamətdə addımlar atılsın. Klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanov da bu barədə açıqlamalar verib. Mən düşünürəm ki, komanda güclənməlidir. Təkcə qış transfer dövründə deyil, yayda da uğurlu addımlar atılmalıdır. Əminəm ki, komanda daxilində də bu məsələlər nəzərə alınır və uyğun qərarlar veriləcək”.
Aytac İbrahimova
