“Qarabağ”da sürpriz transfer
"Ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb ki, "Neftçi" və futbolçu Ramil Şeydayev arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2024-cü ilin yayında transfer olunmuş Şeydayev "Neftçi"nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub.
Ağdam təmsilçisi Ramil Şeydayevlə anlaşıb. "Neftçi"nin qarşılıqlı razılıq əsasında yolları ayırdığı hücumçu 2 illik aradan sonra "köhlən atlar"a qayıdıb.
29 yaşlı futbolçu 2017-18 və 2021-23-cü illərdə "Qarabağ"da forma geyinib.
Şeydayev peşəkar karyerası ərzində "Zenit" (Rusiya), "Trabzonspor" (Türkiyə), "Jilina" (Slovakiya), "Krılya Sovetov" (Rusiya), "Dinamo" (Moskva, Rusiya), "Buriram Yunayted"də (Tayland) də çıxış edib.
Mövzu ilə bağlı idman jurnalisti Orxan Sübhan “İnformator.az”a açıqlamasında bildirib ki, transferin baş tutmamasını istəyən azarkeşlər ola bilər:
“Düzdür, "Neftçi" futbolçusu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiyini açıqlayıb. Lakin Ramil Şeydayevin qayıtdığını hələ "Qarabağ" təsdiq etməyib. Hər şey ola bilər. Qarşıdakı saatları gözləmək lazımdır. Od olmayan yerdən tüstü çıxmaz. Bəlkə də bəzi azarkeşlər indidən bu transferin olmamasını istəyirlər. Düşünürlər ki, Ramil "Neftçi"də ümidləri doğrultmadı, "Qarabağ"da nə edəcək. Ancaq gəlin, belə danışaq. "Qarabağ"a indiyədək elə futbolçular elə vəziyyətdə gəliblər ki, misal üçün Benziya. "Qarabağ"a qədər məşhur klublarda oynamışdı. Ancaq Ağdam təmsilçisinə qoşulanda yarıcan idi. Buna baxmayaraq çalışdı-vuruşdu, əvvəlki formasını bərpa etdi, komandanın aparıcı fiqurlarından birinə çevrildi, diqqət mərkəzinə düşdü, qollar vurmağa başladı və yenidən öz ölkəsinin millisinə çağırıldı. Ramil Şeydayev iki dəfə oynayıb "Qarabağ"da. Hər dəfə gələndə də tənqid olub, ancaq sonradan "Qarabağ"ın ən yaxşılarından olub. Ona görə də indidən bu transferi pisləməkdənsə, səbrli olub, gözləmək lazımdır. Əgər bu transfer gerçəkləşəcəksə xeyirli olsun”.
Lalə Qurbanlı
