00:00:00
Yazar
Elmira Ağayeva
13.08.2026 20:13 14 2 dəq oxuma
İdman

“Qarabağ”ın “Dinamo” ilə cavab oyunundan gözləntilər

“Qarabağ”ın “Dinamo” ilə cavab oyunundan gözləntilər

 


“Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Dinamo” Kiyevi qəbul edəcək. İlk görüşdə Ukrayna təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. “Dinamo”nun baş məşqçisi İqor Kostyuk qarşılaşmanın gərgin və maraqlı keçəcəyini bildirib və “Qarabağ”ın oyun sisteminin formalaşmasında Qurban Qurbanovun rolunu xüsusi qeyd edib.

 

Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Qarabağı növbəti mərhələyə vəsiqə qazanmağa daha yaxın tərəf kimi qiymətləndirmək olar:

 

“İlk qarşılaşmadakı minimal məğlubiyyət Qarabağın növbəti mərhələyə yüksəlmək şansını müəyyən qədər azaltsa da, bu, həlledici deyil. Şanslar hələ də ən azı bərabərdir, hətta Qarabağın üstün olduğunu da demək olar. Çünki Qarabağ daha keyfiyyətli, təcrübəli futbolçulardan qurulmuş və daha baxımlı oyun nümayiş etdirən komandadır. Digər tərəfdən, cavab matçı Bakıda, doğma divarlar arasında və azarkeşlərin dəstəyi ilə keçiriləcək. Bu amil komandanın daha inamlı və istəkli oynamasına şərait yaradacaq ki, nəticədə mərhələni keçmək ehtimalı da artacaq. Hazırkı vəziyyətdə Qarabağı növbəti mərhələyə vəsiqə qazanmağa daha yaxın tərəf kimi qiymətləndirmək olar. Taktiki yanaşmaya gəldikdə isə, Qarabağ oyunu maksimum dərəcədə hücum üzərində qurmalıdır. Müdafiədə oturmağa ehtiyac yoxdur, çünki Dinamo Kiyevin ilk dəqiqələrdən böyük qüvvə ilə hücuma keçəcəyi gözlənilmir. Onlar birinci matçda əldə etdikləri minimal üstünlüyü qorumağa və oyunu daha çox əks-hücumlar üzərində qurmağa çalışacaqlar. Belə olan halda Qarabağ təbii olaraq hücum yönümlü futbol oynayacaq. Eyni zamanda rəqibin əks-hücumlarının qarşısını almaq üçün komandanın bütün xətləri daha sıx oynamalı, pressinq kollektiv şəkildə həyata keçirilməlidir. Hazırda ən doğru yol budur. Oyunun əvvəlində vurulacaq erkən qol rəqibi açılmağa və irəli atılmağa məcbur edəcək. Bu isə rəqib müdafiəsində boşluqların yaranmasına səbəb olacaq. Həmin boşluqlardan düzgün istifadə edərək hesabı artıra və turu keçmək şansımızı daha da yüksəldə bilərik.
Qarabağ komandası baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında maksimum gücünü ortaya qoymağa qadirdir. Heyətdə bəzi problemlərin olmasına baxmayaraq, komanda öz meydanında sonadək mübarizə aparmağa tam hazırdır. İnanıram ki, bu qarşılaşmada turu keçən tərəf məhz biz olacağıq”.


Samirə Allahverdizadə ‎

#Qarabağ #Dinamo #UEFA
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər