“Qarabağ”ın Kadysiz qaldığı an
"Baxmayaraq ki, "Qarabağ"da start heyətində cəmi iki azərbaycanlı futbolçu oynayıb; Bəhlul Mustafazadə və Elvin Cəfərquliyev. "Qarabağ" necə deyərlər, bütöv bir Azərbaycanı və türk dünyasını təmsil edən bir komanda kimi meydançaya çıxıb".
Bu sözləri "Sport.net" saytının redaktoru Elşən Məmmədov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, sadəcə "Atletik"lə oyunda həmin oyun üslubunu tam ortaya qoya bilmədiyi üçün komanda məğlubiyyətlə üzləşib:
"Qarşısındakı klublararası Dünya Çempionatının son qalibi idi. Qurban Qurbanov bir neçə dəfə açıqlamalarında bildirib ki, artıq 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən sonra futbolçular da artıq döyüşkən ruhu aşılayır. Yəni artıq müdafiə yox, hücum futbolu prizmasından yanaşır. Bunu da biz oyunlarda görürük. O həmişə, rəqibin kimliyindən asılı olmayaraq ön hissədə, yəni rəqibin müdafiəsi, cərimə meydançası qarşısında pressinq eliyir. Rəqibin üzərinə hücum edərək, onu topa almaq, irəliyə ötürmə etmək, hücuma zərbə mövqeyinə oyunçu çıxarmaq və s. artıq "Qarabağ"a xas bir oyun keyfiyyəti kimi formalaşıb. "Qarabağ"ın uğurlarının sirri də məhz bu oyun xüsusiyyətindədir".
Müsahib bildirib ki, gördüyünüz kimi güclü "Çelsi", bundan əvvəl də "Kopenagen" və "Benfika" komandaları ilə oyunlarda "Qarabağ" döyüşkən ruhu, cəsarətli oyunu, əzmkarlığı ilə fərqlənərək, seçilərək, hətta "Benfika" yaxud "Çelsi" ilə oyunda hesabda geridə olduqda belə, oyunu öz xeyrinə çevirməyi bacarıb:
" "Qarabağ"ın mövqeyi ona imkan verir ki, növbəti mərhələyə vəsiqə verən ilk 24-ə düşsün. Əlbəttə, 8-liyə düşüb, birbaşa ⅛ finala vəsiqə qazanması çətin görünür. Amma "play-off" vasitəsilə yüksəlməsi daha uyğun görünür və bu imkanlar get-gedə artır. Ona görə də Qurban Qurbanovun: "xalımızın üstünə xal gəlibsə, bunu qazanmış sayıram",-deməsi, əlbəttə, realist yanaşmadır. İndi hər-halda hamımız əlimizdə kalkulyator qoyub müəyyən hesablamalar aparırıq ki, "Qarabağ" hansı komandalar uda bilər, hansı komanda ilə oyunlarda xal itirə bilər. Bu baxımdan düşünürəm ki, "Çelsi" ilə oyun bəlkə də "Qarabağ"ın məğlub ola biləcəyi komanda kimi görünə bilərdi. Buna görə də "Çelsi"də qazanılan 1 xalı, hətta qələbəyə bərabər saymaq olar. Qurban Qurbanov nəticədən məmnun olduqda belə, bunu çox büruzə verən məşqçi deyil. Yəni belə məsələlərdə, məqamlarda mümkün qədər çalışır ki, necə deyərlər, özünü təvazökar göstərsin".
Müsahib Kadynin zədələnməsi məsələsinə də toxunub:
"Kady nə qədər önəmli oyunçu olsa da, "Qarabağ" bir oyunçudan asılı komanda deyil. Yəni bunu neçə dəfə göstərib. Həm də digər tərəfdən nəzərə almaq lazımdır ki, son vaxtlar elə də lap bizim gördüyümüz, istədiyimiz oyunu göstərmir, istədiyimiz səviyyədə deyil. Ona görə də, "Qarabağ"da kifayət qədər onu əvəz oyunçular var. Bunun üçün 1 misal yetər: Marko Yankoviç. Bir müddət oynamayıb, hətta Çempionlar Liqasında bir oyunu da buraxıb. Amma bununla belə "Qarabağ" qalib gəlib, orada yaxşı oyun sərgiləyib. Buna görə də, Kady yoxdursa, onu əvəz edə biləcək oyunçular var".
Zəhra Möhübbətova
