"Qarabağ"ın yeni transferi: Cebrail Makreçkis
"Qarabağ" 2026/2027 mövsümü üçün transfer çalışmalarını davam etdirərək heyətini daha bir futbolçu ilə gücləndirib. Ağdam təmsilçisi Macarıstanın "Ferentsvaroş" klubundan latviyalı müdafiəçi Cebrail Makreçkisi transfer edib. Üç illik müqavilə imzalanan futbolçu komandanın yay transfer dövründə səkkizinci transferi olub.
Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, "Qarabağ" kimi bir komandadan dəvət alıbsa, deməli, öz potensialını daha yüksək səviyyədə ortaya qoya biləcək:
"Ümumiyyətlə, uğurlu bir transferdir. Hesab edirəm ki, baş məşqçi Qurban Qurbanov futbolçunun oyun üslubunu seyr edib, bütün xüsusiyyətlərini nəzərə alaraq komandaya dəvət edib. Maraqlı və kompakt futbol oynamağı sevən bir oyunçudur. Eyni zamanda, oyun zamanı bir neçə taktiki gedişatda özünü doğrultmağı bacarıb. Cebrail Makreçkisin "Qarabağ"a fayda verəcəyini düşünürəm. Lakin komandaya uyğunlaşma və adaptasiya müddəti bir qədər vaxt apara bilər. Bununla belə, "Qarabağ fk"da çox səmimi və doğma bir ab-hava olduğundan, bu prosesin futbolçu üçün çətin keçməyəcəyini zənn edirəm.Oyunçunun əvvəlki klublardakı potensialı isə normal olub. Əgər o, bu gün "Qarabağ" kimi bir komandadan dəvət alıbsa, deməli, öz potensialını daha yüksək səviyyədə ortaya qoya biləcək. Hazırda müqayisə aparmaq həm çox çətindir, həm də tezdir. Çünki bunun üçün rəsmi qarşılaşmalar keçirilməlidir və yalnız bundan sonra biz onlara real qiymət verə bilərik. Qurban Qurbanov kimi mütəxəssis hər şeyi dəqiqliklə ölçüb-biçib. Ümid edirəm ki, "Qarabağ" bu il də ötənilki uğurlarının davamını gətirə biləcək".
Samirə Allahverdizadə