"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib
" "Qarabağ"ın dünya reytinqində yüksəlməsi gözlənilən idi. Çünki komanda artıq sabit yüksəlişdə olan oyun nümayiş etdirir və çıxış etdiyi turnir də Çempionlar Liqasıdır, yəni Avropanın ən nüfuzlu turniridir. Burada nəticələr göstərdikcə, yəni, burada- Avrokuboklarda yerini qoruduqca hamının mövqeyində irəliləyiş baş verə bilər. Əslində isə bu daha irəlidə olmalı, hətta deyərdim, göstərilməli idi və ən azı son iki Çempionlar Liqasındakı qalibiyyəti komandanın daha irəlidə olmasına zəmin yaradıb. Görünür ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinqində "Qarabağ" gələcəkdə daha da irəli gedə bilər".
Bu sözləri "Sportnet.az" saytının baş redaktoru Elşən Məmmədov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Azərbaycan klublarının cədvəldəki mövqeləri isə çox aşağıdır. Baxmayaraq ki, "Sabah" 296-cı yerdə qərarlaşıb:
"Bu da çox zəif, aşağı göstəricidir. Azərbaycan klublarının ümumi reytinqində 500 klub açıqlanıb. Onların içərisində "Sabah"ın 296-cı olmasına biz sevinməməliyik. Əksinə, üzülməliyik ki, niyə bu dərəcə aşağı səviyyədə nəticələr göstərir. Yəni ümumilikdə Azərbaycanın reytinqində irəliləyə bilməsi bütün klublardan asılıdır. Təkcə "Qarabağ"dan yox, digər klublarımız da vəsiqə qazansalar, onlar da ölkəni layiqincə təmsil etdirməlidirlər. Təmsil eləyə bilmirlərsə, bir mərhələdən bir mərhələ keçəndən sonra uduzub geri qayıdacaqlarsa, belə təmsilçilik olmur. Bunu hər hansı bir rəqibin güclü olmasına bağlayaraq, sadəcə taleyimizlə, barışmaq da düzgün deyil. Yəni, klublar özləri məsuliyyətlərini başa düşməlidirlər ki, harada oynayırlar, hansı ölkəni təmsil edirlər. Bunun üçün nə lazımdırsa, etməlidirlər. Yəni, komandanı legionerlərlə gücləndirməlidirlər, hansı ki, indi Azərbaycan Premyer Liqasında legioner limiti yoxdur. Bu da onlara bu imkanı verir ki, daha güclü futbolçular cəlb eləsinlər. Məşqçilər gəlib öz bacarıqlarını ortaya qoya bilmirlərsə, futbolçular qoysunlar, yaxşı futbolçular alsınlar və həmin o yaxşı futbolçular bacarıqlarını ortaya qoysunlar. Əvvəlki kimi bəhanələr yoxdur ki, desinlər futbolçu yoxdu, bacarıq yoxdur və s. Hə, bəs sənin özünün məşqçi olaraq bacarığın nədir? "Qarabağ" elə belə bu səviyyəyə gəlib çıxıb?".
Müsahibimiz sözlərinə görə, elə məhz "Qarabağ" ən güclü komandaları məğlub edərək ölkənin adına reytinq gətirib:
"Ona görə də, indiki səviyyəyə gəlib çıxıb. Avrokuboklarda "Qarabağ"ın tək ayağı ilə keçə biləcəyi komandaların qarşısında bizim digər klublar aciz qalırlar. "Sabah", "Araz-Naxçıvan", "Zirə"də 500 klub arasında 2025-2026 mövsümündə Azərbaycanı Avrokuboklarda təmsil edən klublar idi. Amma nə olub? Onlar heç gedib "play-off" mərhələsinə də çıxa bilməyiblər. Konfrans Liqasında Avropanın üçüncü turnirində Avroliqada yox, Çempionlar Liqasında yox, məhz Konfrans Liqasında gedib "play-off" mərhələsinə çıxa bilməyiblər. Niyə? Məsələn, onlar da ölkə futboluna xeyir verməlidirlər. Yəni bu 500 klub arasına düşmək hələ də ölkə futbolunun inkişafı demək deyil. Ölkə inkişafı bircə "Qarabağ"dır, nə dəstək olursa, "Qarabağ" dəstək olur və "Qarabağ" etiraf eləmək lazımdır ki, bu günlərdə meydanda təkdir. Nə Azərbaycan milli komandası nəticə verir, nə də digər klublar nəticə verir. Azərbaycan futbolunu uzun illər tək çiynində daşıyan Qurban Qurbanovun fəaliyyəti gələcəkdə də avrokuboklarda daha böyük uğurların əldə olunmasına zəmin yaradır. Bu uğurlar, əsasən, “Qarabağ”ın adı ilə bağlı olacaq. Məsələn, bizim üçün burada təəssüf doğurur ki, "Neftçi" yoxdur, Avrokuboklarda nə qədər ki, "Neftçi" sabit oynamayacaq, onda bu yükü "Qarabağ" tək daşıyacaq".
Zəhra Möhübbətova
