“Qarabağ” komandası artıq 14 ilə yaxındır ki, avrokuboklarında çıxış edir:ŞƏRH
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. “Qarabağ” İngiltərədə “Nyukasl”ın qonağı olub. Bakıdakı görüşdən fərqli olaraq, İngiltərədə daha layiqli mübarizə aparan təmsilçimiz minimal hesabla rəqibinə məğlub olub və turnirlə vidalaşıb.
Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə “İnformator.az”a açıqlamasında bildirib ki, “Nyukasl”la oyun xüsusi təcrübə qazandırmayıb:
“ “Qarabağ” komandası artıq 14 ilə yaxındır ki, avrokuboklarında çıxış edir. Bu, xüsusi təcrübə qazandıracaq oyunlardan biri deyildi. “Qarabağ”, “Nyukasl”dan qat-qat böyük komandalarla oynayıb və yaxşı da oyun sərgiləyib. İlk növbədə Premyer Liqa may ayında başa çatmalıdır. Ondan sonra komandanın gələcək istiqaməti daha aydın olacaq. Etiraf edək ki, gələn il Çempionlar Liqası bizim üçün çox çətin olacaq. Çünki heyətdə dəyişikliklər gözlənilir: gedən və gələn futbolçular olacaq. Yeni oyunçuların performansı barədə isə indidən dəqiq fikir söyləmək mümkün deyil. Bu baxımdan hesab edirəm ki, gələn mövsüm üçün Avropa Liqasını hədəf götürmək daha realdır. Əlbəttə, könül daha yüksək nəticə arzulayır. Çempionlar Liqasında uğurlu çıxış üçün ciddi maliyyə yatırımı olmalıdır. “Qarabağ”rəhbərliyi transferlərə vəsait ayırmalı, eyni zamanda komanda Premyer Liqanın qalibi olmalıdır. Bu iki şərt yerinə yetirilərsə, klubdan yenidən uğurlu çıxış gözləmək olar”.
Aytac İbrahimova
