Qarabağ niyə hücumçu almadı?
“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının əsas mərhələ oyunları üçün yeni hücumçu transfer etməməsinin səbəbini açıqlayıb.
“Bir milyon dəyəri olan oyunçuya dəyərindən artıq pul ödəsək, klub bir neçə ilə müflis olar. Qurban Qurbanov oyunçulara heç vaxt dəyərindən artıq pul ödənilməsinə razı olmur. Heyətdəki futbolçulara bu dəqiqə on beş milyon təklif gəlsə, buraxmarıq. Qurban hoca onun əvəzinə ayrı-ayrı mövqelərə üç nəfər fərqli oyunçu gətirməyi daha məqsədəuyğun hesab edir.
Mən Musama, Nərimanıma inanıram. Toral Bayramovun ötən il “Budo-Qlimt”ə vurduğu qol məni valeh etdi. Ötən dəfə Musa Qurbanlının “Ferentsvaroş”a meydana girən kimi vurduğu qol da mənə ləzzət etdi. İnanıram ki, bu mövsüm belə qollar yenə görəcəyik”- Tahir Gözəl deyib.
Qeyd edək ki, "Qarabağ" Andre Klovis Olavio Juninyo və Sambo Sumano kimi oyunçularla danışıqlar aparsa da, transferlər baş tutmayıb.
Mövzu ilə bağlı idman jurnalisti Ramiz Mirzəzadə “İnformator.az”a açıqlamasında bildirib ki, “Qarabağ”ın alacağı hər hansı hücumçu ümumi nəticəyə çox da ciddi təsir göstərməyəcək:
“Çempionlar Liqası kimi bir turnirdə təxminən on ildən bir vəsiqə qazanan Azərbaycan çempionunun heyətini birdən-birə fantastik həddə çatdırmaq ehtimalı yoxdur. Bunu hamımız çox yaxşı bilirik. “Qarabağ”ın ala biləcəyi və ya aldığı hansısa hücumçu ümumi nəticəyə, əlbəttə ki, çox ciddi təsir göstərməyəcək. Amma bu o demək deyil ki, “Qarabağ” hücumçu transferi etməməlidir. Əgər mövcud hücumçular, məsələn, Nəriman və ya Musa mövsüm ərzində çox yaxşı performans göstərsəydi, onda demək olardı ki, sənin hücumçun təxminən legioner hücumçu qədər keyfiyyətlidir, bacarıqlıdır, formadadır, qollar vurur, bu halda dəyərindən qat-qat baha hücumçu transferinə getməməyi anlamaq olar. Amma biz bilirik ki, Musa Qurbanlı ümumiyyətlə formada deyil. O, sadəcə “Ferentsvaroş”la səfər matçında meydana çıxıb qol vurdu. Bu onun vurduğu uzun müddət sonrakı qollardan biri idi. Nəriman isə elə bir oyunçudur ki, o, dörd imkandan birini, bəlkə də, beş-altı imkandan birini qola çevirən hücumçudur. Bu futbolçular mövsüm ərzində Azərbaycan Çempionatında və ya çıxış etdiyi liqalarda, istər təsnifat yarışları, istər digər milli komandanın oyunlarında qolyador kimi oynasalar, biz başa düşərik ki, yerli oyunçularla da Çempionlar Liqasına getmək olar. Amma hazırki vəziyyətdə o futbolçular o qədər də qol yollarında bacarıq göstərə bilmirlər. Ona görə mən düşünürəm ki, hücumçu transferi olsaydı, gözəl olardı. Hücumçu almamaq “Qarabağ” üçün böyük komandalarla oyunlarda ələ düşəcək bir-iki imkanın qolla nəticələnmək ehtimalının azalması deməkdir. Amm rəqiblərimiz və səfərdə oynadığımız oyunları nəzərə alsaq, “Qarabağ” hücumçu transferi etsəydi belə, biz 180 dərəcə fərqli nəticə göstərəcəkdik deyə bir şey də yoxdur”.
Ramiz Mirzəzadə qeyd edib ki, klub idarəsi indiki şəraitdə daha çətindir:
“Ümumiyyətlə, klub idarə eləmək hazırki şəraitdə elə çətin dönəmdədir ki, sən çox pul xərcləyib, klub formalaşdırıb, “Qarabağ” klubunun prezidentinin dediyi kimi iki il sonra müflis ola bilərsən. Sən bir neçə il yaxşı səviyyədə çıxış etmək üçün çox pul xərcləyərsən, amma sonra hazırki kapitalizmin sərt qanunları ilə üzləşib klubun idarəçiliyini belə itirə bilərsən. Hazırda dünyada bu cür eniş yaşayan kulublar var. Ona görə klub prezidentinin fikirlərini də başa düşmək olur. Amma başa düşüləndir ki, indiki futbolda oyunçulara verilən dəyər onların real qiymətlərindən yüksəkdir. Ona görə də, məncə, bu ümumi mənzərəni təkcə “Qarabağ”ın dəyişmə ehtimalı yoxdur. Yəni sırf o amilə görə hücumçu transferi edilmədi deyə bilmərik. Amma “Qarabağ”ın hücumçu transfer edə bilməməsi transfer uğursuzluğu kimi qiymətləndirilə bilər”.
Lalə Qurbanlı
