"Qarabağ” pakistanlı futbolçunu istəyir
“Qarabağ” klubunun İsveçin “Myöllbü” komandasında çıxış edən pakistanlı müdafiəçi Abdullah İqballa maraqlanması transfer bazarında diqqət çəkib. 23 yaşlı futbolçu həm klub səviyyəsində sabit oyun praktikası, həm də Pakistan millisinin kapitanı olması ilə seçilir.
"Abdullah İqbal çox yaxşı müdafiəçidir. Həm uzun boyludur, həm də oyun tərzi prinsip etibarilə "Qarabağ"ın oyun tərzinə uyğun gələ bilər".
Bu sözləri idman jurnalisti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, İqbal, həm də taktiki cəhətdən inkişaf etmiş futbolçudur:
"Abdullah İqbal solaxaydır. Hava mübarizələrində qalib çıxmağı bacarır. Təbii ki, burada boy üstünlüyü buna kömək edir. O, fiziki cəhətdən də yaxşıdır. Bu futbolçu müdafiədən uzun ötürmələrlə çıxmağı çox yaxşı bacarır və belə futbolçular komandanın faktiki müxtəlifliyini təmin etmək baxımından həlledici rol oynayırlar. Yəni bəzən rəqibin pressinqinin altından çıxmaq üçün təkcə paslaşma, bir-birinə ötürmək bəs etmir, çətinlik yaradır. Belə olan zaman cinahlara topu yaymaq üçün dəqiq, uzun ötürmələrə ehtiyac olur".
Müsahibimizin sözlərinə görə, İqbal bu işi bacarır:
"Bu bacarıq "Qarabağ"da Kevin Medinada var. Mən belə başa düşürəm ki, əgər bu futbolçu transfer olunarsa, Kevin Medinanın layiqli əvəzedicisi ola bilər. İqbal perspektivli, bacarıqlı futbolçudur. Pakistan millisində də yaxşı oynayıb. Sadəcə, onun müştəriləri də çoxdur. "Qarabağ"a gəlməsi yaxşı olar, amma çətin... Belə futbolçunun gəlməsi "Qarabağ"ın oyun gücünü artırar. O ki, qaldı Pakistanlı olması, ümumiyyətlə, Pakistan bizə qardaş ölkədir. Onun gəlməsini hər mənada ictimaiyyət də müsbət qarşılayar. Belə futbolçuların Azərbaycanda oynamasına ancaq sevinmək olar".
Zəhra Möhübbətova
