“Qarabağ” səfərdə uduzub
" "Qarabağ"ın "Napoli" ilə qarşılaşması gözlənildiyi kimi keçib. Daha üstün, favorit sayılan, doğma meydanında öz azarkeşləri qarşısında oynayan tərəf olan italyanlar layiq olduqları qələbəni qazanıblar".
Bu sözləri idman jurnalisti, şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, "Napoli"nin bizdən üstün cəhəti futbolçularının fərdi keyfiyyətlərinin daha üstün olmasıdır:
"Daha yaxşı futbolçu heyətinə malik olmasıdır. "Qarabağ" ümumiyyətlə, kollektiv futbol ilə fərqlənən komandadır. Bütün futbolçular komanda kimi mübarizə apara bilirlər. Bir hədəf uğrunda komanda kimi əzmlə çalışırlar və nəticəni də bu yolla əldə edirlər. Dünənki matç açıq göstərib ki, sadəcə, komanda oyunu bəs etmir. Belə qələbələr üçün, xüsusilə də böyük, güclü komandalarla oyunda yetərli deyil. Daha yaxşı, keyfiyyətli futbolçulara malik olmaq lazımdır ki, onlar vacib məqamlarda oyunu həll edə bilsinlər".
Müsahibimizin sözlərinə görə, buna misal olaraq Koxalskini göstərə bilərəm. O mövqeyində möhtəşəm çıxış edib:
"Ancaq biri ilə bu işi həll etmək olmur. Müdafiə xəttində Medina kimi futbolçu varmı? Medinanın zədələnməsindən, zərbə almasından sonra oyunumuz daha da zəifləyib və onu əvəz edənlərin o səviyyədə olmaması işləri korlayıb. Qeyd etdiyim kimi, aradakı səviyyə, fərdi ustalıq fərqi işi həll edib. "Napoli" daha yaxşı komandadır, daha ağıllı oynayıblar. Əvvəlcə müdafiədə oturub, rəqibin boşluqlarını kəşf ediblər. Daha sonra isə artıq daha çox güc sərf edərək istəklərinə nail olublar. Yəni burda faciəvi bir şey yoxdur. "Napoli"yə uduzmaq normaldır. Xüsusilə də Azərbaycan komandaları üçün. Hazırda heç nə dəyişməyib. "Qarabağ"ın hələ də xal qazanma ehtimalı olan oyunları var. Evdə daha iki oyun keçiriləcək. Ona görə də, bu oyunlarda qələbə qazanaraq, hətta birində qələbə qazanaraq komandamız növbəti mərhələyə yüksələ bilər. Mən düşünürəm ki, "Qarabağ"ın buna potensialı çatır".
Zəhra Möhübbətova
