Qarabağ Universiteti qısa müddətdə niyə diqqət mərkəzinə çevrilib?
Qarabağ Universiteti yalnız müasir və peşəkar mütəxəssislər hazırlamır, eyni zamanda layiqli vətəndaş yetişdirmək missiyasını da daşıyır.
Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Gənclərin VII Yay Düşərgəsinin açılış mərasimində deyib.
Mövzu ilə bağlı təhsil eksperti Afərim Seyidova “İnformator.az”a açıqlamasında bildirib ki, universitet 2023-cü ildə fəaliyyətə başlasa da, qısa müddət ərzində öz laboratoriyaları, elmi və sosial mühiti ilə ölkənin aparıcı ali təhsil müəssisələri sırasında yer almağı bacarıb:
“Məsələ yalnız yeni bir ali təhsil müəssisəsinin yaradılmasında deyil. Qarabağ Universitetinin fəaliyyətə başlaması yeni sosial, elmi və akademik mühitin formalaşdırılması deməkdir. Burada əsas üstünlüklərdən biri tələbələrin paytaxtdan regiona axınının təmin edilməsidir. Məsələn, Gəncə şəhərində də bir neçə universitet fəaliyyət göstərir. Lakin Qarabağ Universitetinə göstərilən maraq və tələbə axını fərqlidir. Bunun əsas səbəbləri universitetdə yaradılmış müasir laboratoriyalar, ikili diplom proqramları və ölkənin ən nüfuzlu, innovativ müəllimlərinin bu ali təhsil müəssisəsinə cəlb olunmasıdır. İstər tibb, istər incəsənət, istərsə də digər ixtisaslar üzrə peşəkar müəllim heyətinin formalaşdırılması Qarabağ Universitetinin strateji layihə olduğunu göstərir. Qarabağ Universiteti yalnız ixtisaslı kadr hazırlayan ali məktəb deyil. Eyni zamanda, tədqiqat və innovasiya mərkəzi kimi fəaliyyət göstərir. Burada müasir kurikulum standartlarına uyğun tədris həyata keçirilir, rəqəmsal dövrün tələblərinə cavab verən laboratoriyalar və təhsil infrastrukturu yaradılıb”.
Ekspert həmçinin bunu da qeyd edib ki, Qarabağ Universitetinə tələbələrin marağı təsadüfi deyil:
“Burada müasir texnologiyalarla işləməyi bacaran, yüksək ixtisaslı və müasir kurikulumun tələblərinə cavab verən müəllimlər bütün sahələr üzrə fəaliyyət göstərirlər. Universitetin infrastrukturu da digər ali təhsil müəssisələrindən seçilir. Bir çox universitetlərdə əsas diqqət nəzəri biliklərə yönəldiyi halda, Qarabağ Universitetində praktik bacarıqların formalaşdırılmasına xüsusi önəm verilir. Müasir laboratoriyalar tələbələrə əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq etmək üçün geniş imkanlar yaradır. Eyni zamanda, Qarabağ Universiteti yerləşdiyi regionun elmi, sosial və iqtisadi inkişafını sürətləndirən mühüm mərkəzə çevrilməkdədir. Universitetin digər ali təhsil müəssisələri ilə əməkdaşlığı və beynəlxalq əlaqələri də onun fəaliyyətinin beynəlxalq təcrübəyə uyğun şəkildə qurulduğunu göstərir”.
Güllər Gülhüseynova