Qarabağ və Şərqi Zəngəzurda infrastruktur layihələrinin icrası davam edir
Nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təxminən 12 milyard manata qədər vəsaitin yatırılması təmin ediləcək. Əlbəttə bütün bu proseslər vətəndaşların öz torpaqlarında mərhələli məskunlaşmasına və işlə təmin edilməsinə gətirib çıxarır.
Qarabağ və Şərqi Zəngəzurun bərpası sürətlə davam edir. İndi ölkə siyasətinin qarşısında duran iki əsas vəzifədən biri də məhz bu istiqamətdə işlərin aparılmasıdır. Qarabağda infrastruktur layihələri icra olunur, yaşayış evlərinin inşası gedir. Təkcə səkkiz ayda Laçın şəhərinin böyük hissəsi tamamilə bərpa edilib. Yeddi yüzdən çox ailə üçün həm fərdi evlər, həm çoxmənzilli yaşayış obyektləri hazırlanır. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunacaq.
Qarabağ və Şərqi Zəngəzurda gedən işlərdə iki məktəb istisna olmaqla, digər bütün infrastruktur, inşaat işləri Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Görülən işlərdə Heydər Əliyev fondu da yaxından iştirak edir. Məsələn, 2021-ci ilin avqustunda Şuşa şəhərində Molla Pənah Vaqifin muzey məqbərə kompleksi təmir bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Həmçinin Şuşada Üzeyir Hacıbəyovun heykəli də Heydər Əliyev fondu tərəfindən yenidən ucaldılıb.
Qarabağ və Şərqi Zəngəzurda gedən infrastruktur layihələrinin icrası ölkə iqtisadiyyatına da müsbət dividentlər qazandırır. Qarabağda yeni iş yerləri yaradılır və vətəndaşların işlə təmin edilməsi reallaşır.
İnfrastruktur layihələri təkcə Qarabağ və Şərqi Zəngəzurla məhdudlaşmır. Bu gün ölkə ərazisində infrastruktur yüksək səviyyəyə çatdırılıb. Qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Eləcə də avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 27-ci yerdədir, bir çox inkişaf etmiş ölkələri qabaqlayır.
