00:00:00
Yazar
Zəhra Həsənova
29.05.2026 18:27 25 3 dəq oxuma
Sosial

“Qarabağa qayıdış Azərbaycanın iqtisadiyyatını iki dəfə böyütmək potensialına malikdir” - Sosioloq

“Qarabağa qayıdış Azərbaycanın iqtisadiyyatını iki dəfə böyütmək potensialına malikdir” - Sosioloq

Prezident İlham Əliyev Şuşa rayonunun Böyüqaladərəsi kəndində sakinlərlə görüşü zamanı işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. Dövlət başçısı qısa müddətdə yaşayış məntəqələrinin yenidən qurulması, infrastrukturun bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayaraq, Qarabağ və Şərqi Zəngəzurun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib.

Mövzu ilə bağlı sosioloq Naib  Niftəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Qarabağa Böyük Qayıdış çərçivəsində həyata keçirilən bərpa və quruculuq tədbirləri son dərəcə aktual və mühüm əhəmiyyət daşıyır. Azad edilən ərazilərdə görülən işlər keçmiş məcburi köçkünlərin reinteqrasiyası və cəmiyyətə sosial adaptasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir:

 

“Uzun illər doğma yurdlarından kənarda yaşayan insanların geri dönüşü yalnız fiziki məskunlaşma ilə məhdudlaşmır. Bu proses eyni zamanda sosial-iqtisadi inkişaf tədbirləri, özünü bərpa, yenidən inteqrasiya və sosial-mədəni təşkilatlanma mərhələlərini əhatə edir. Bu gün Qarabağın azad edilən bölgələrində yeni yaşayış evlərinin, məktəblərin, səhiyyə müəssisələrinin tikilməsi, kommunal və nəqliyyat infrastrukturunun yenidən qurulması genişmiqyaslı şəkildə davam etdirilir. Kənd icma həyatının yenidən formalaşdırılması milli dəyərlər əsasında cəmiyyətin birliyinin möhkəmlənməsinə, sosial həmrəyliyin güclənməsinə və insanlar arasında qarşılıqlı etimadın bərpasına xidmət edir. Dövlət başçısı bu məsələləri daim diqqətdə saxlayır və prosesdə birbaşa iştirak edir. Sakinlərlə keçirilən görüşlər onların problemlərinin, ehtiyaclarının və gözləntilərinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür görüşlər dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə xidmət edir. İnsanlar dövlət rəhbərliyinin onların problemlərinə həssas yanaşdığını görür, özlərini qərarvermə prosesinin bir hissəsi kimi hiss edirlər. Prezidentin, eləcə də onun tapşırıqları əsasında fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələrinin bu prosesdə komanda şəklində iştirakı dövlət siyasətinin insan amilinə əsaslandığını bir daha nümayiş etdirir”.


Niftəliyev vurğulayıb ki, mövcud problemlər və çətinliklərə baxmayaraq, birbaşa təmaslar onların vaxtında müəyyənləşdirilməsi və həlli üçün mühüm vasitədir:

 

“Qarabağa qayıdış prosesinin uzunmüddətli perspektivdə regionun demoqrafik və sosial inkişafına təsiri yalnız müsbət olacaq. Əhali mərhələli şəkildə doğma torpaqlarına qayıdır və yaxın illərdə bu göstəricinin daha da artacağı gözlənilir. Qarabağda yenidən məskunlaşma artıq başlayıb və gələcəkdə regionun iqtisadi potensialının tam reallaşmasına şərait yaradacaq. Bölgədə yeni iş yerlərinin yaradılması, iqtisadi fəaliyyətin genişlənməsi və Azərbaycanın ümumi iqtisadi məkanına inteqrasiyanın sürətlənməsi mühüm nəticələrdəndir. Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycan iqtisadiyyatının böyüməsi üçün yeni imkanlar yaradır. Gənc ailələrin bölgədə məskunlaşması demoqrafik balansın bərpasına da müsbət təsir göstərir. Xankəndi, Şuşa, Ağdam və digər şəhərlərdə urbanizasiya imkanları genişdir. Aqrar sahə, sənaye və tikinti sektorlarında yeni müəssisələrin yaradılması regionun inkişafına ciddi təkan verəcək. Zəngilan, Füzuli, Laçın və Kəlbəcər istiqamətlərində formalaşdırılan nəqliyyat və logistika infrastrukturu da xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq statuslu hava limanlarının istifadəyə verilməsi Azərbaycanın logistika imkanlarını genişləndirir və ölkənin gələcək iqtisadi inkişafına mühüm töhfə verir. Bu istiqamətdə həyata keçirilən layihələr yeni hədəflərin müəyyənləşdirilməsinə, yeni potensialın səfərbər olunmasına və əhalinin sosial rifahının yüksəlməsinə xidmət edir”.

 

Sosioloq sonda vurğulayıb ki, Qarabağda yenidən məskunlaşma prosesi təkcə regional deyil, bütövlükdə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biridir:

 

“Bu proses həm dövlət, həm cəmiyyət, həm də vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edir və uzun illər diqqət mərkəzində qalacaq”.

 

Fatimə Hüseynli

#sosioloq #qayıdış #“qarabağa #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər