Qarabağda internet kabelləri quraşdırılır
Şuşada bərpa-quruculuqla yanaşı, sakinlərin internetlə təmin olunması istiqamətində də işlər görülür.
Bunu jurnalistlərə "Aztelekom"un Şərqi-Zəngəzur üzrə nümayəndəsi Ülfət Tağıyev bildirib. O əlavə edib ki, artıq Şuşada yeni texnologiya GPON kabellər çəkilib: “Şuşa şəhərinə bu ilin sonuna 34 ailənin köçürülməsi nəzərdə tutulub. Yaşayış massivində Aztelekom tərəfindən müvafiq addımlar atılıb. Kabel-kanalizasiya quyuları tiklir. 200 metrə yaxın GPON tipli kabellər çəkilib, hazır vəziyyətdə saxlanılıb. Köç müddəti bitdikdən sonra biz həmin o evlərə yeni GPON texnologiyaları tətbiq olunmuş internet verəcəyik”.
Laçına köçənlər isə artıq rahatlıqla internet şəbəkəsindən istifadə etməyə başlayıblar. Hələlik yüksək sürətli internetdən istifadə edən ailələrin sayı 75-dir. Yaxın günlərdə daha 50 ailə bu siyahıya əlavə olunacaq. Son köçlə Laçında məskunlaşan ailələrin sayı 137-yə çatıb.
İlk ailələrin yerləşməsindən keçən iki ay ərzində insanlar mobil internetdən istifadə etmək məcburiyyətində qalmışdı. Bu isə təbii olaraq, stasionar internet şəbəkəsinin yerini vermir. Artıq Laçının doğma sakinləri üçün ünsiyyət problemi geridə qalır. Yaşayış olan evlərin yarıdan çoxu sabit internetə qoşulub. Laçınlılar deyir ki, ilk günlər şəbəkə çox zəif olsa da srtıq internet sürətlidir. Yaxınları ilə görüntülü danışmaq mümkündür.
Laçın şəhəri ilə yanaşı Sus və Zabux kəndlərinə də kommunikasiya xətləri çəkilir. Layihədə növbəti ünvan Laçın-Qorçu aeroportu göstərilir. "Aztelekom"un mətbuat katibi Alidə Mustafayevanın sözlərinə görə, rayonda şəbəkənin qurulması üçün magistral xətlər çəkilib və paylayıcı qurğular təmin edilib. Laçın şəhərində də onlayn Azərbaycan layihəsi çərçivəsində GPON şəbəkəsinin təqdim olunması üçün işlər artıq yekunlaşıb. Sus və Zabux kəndləri də internet xidmətindən istifadə eləyə biləcəklər. Hazırda digər işğaldan azad olunmuş ərazilərdə də telekomnukasiya xidmətlərinin bərpası istiqamətində ilkin sxemin, kabellərin çəkilməsi və digər işlər sürətli şəkildə aparılır.
Qeyd edək ki, GPON texnologiyasının tətbiqi abunəçilərə sürəti 30 meqabitdən 100 meqabitədək olan internet paketlərindən istifadə etmək imkanı verir. Sözügedən paketləri əldə edən abunəçilər tək internet xidməti deyil, həm də telefon və televiziya paketlərini də əldə edə bilir. Aylıq abunə haqqı isə 21-54 manat aralığında dəyişir.
Aidə
