Qarabağda yaşayan ermənilərin öhdəlikləri nələrdir?
Yevlaxda Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri ilə keçirilən 4 saatlıq görüşdə müzakirə olunan mövzuların detalları artıq məlumdur.
Görüşdə Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan, Azərbaycanın mərkəzi hakimiyyətini isə Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilən Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunan ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil ediblər. Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi qatılıb.
Danışıqlarda əsas müzakirə mövzuları Azərbaycan Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkili məsələləri olub. Prezident Administrasiyasının açıqlamasına görə, görüşdə reinteqrasiya üzrə planlar təqdim edilib. Həmçinin Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunan məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Siyasətçilər görüşü müsbət qiymətləndirir.
"Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İB-nin İdarə Heyətinin sədri Tural Gəncəliyev fikirlərini ARB 24-ə bildirib: “Azərbaycan qanunları, konstitusiyası, Azərbaycanın suveren ərazisində yaşayan bütün vətəndaşlar biz necə hamımız dövlətimizin vətəndaşları olaraq hüquq və öhdəliklərə malikiksə, Azərbaycanda yaşayan digər etnik qruplar da eyni hüquq və öhdəliklərə riayət etməlidirlər. Öhdəlik nədən ibarətdir? Qarabağda yaşayan ermənilər başa düşməlidirlər ki, Azərbaycan konstitusiyasına, qanunlarına, dövlət rəmzlərinə, gerbimizə, bayrağımıza, himnimizə hörmətlə yanaşmalıdırlar”.
Bir sözlə, anlamaq və sülh şəraitində yaşamaq öz əllərindədir.
Nərgiz
