Qarabağla bağlı yaradılan işçi qrupunun fəaliyyəti
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağla bağlı işçi qrupu yaradılıb. Dövlət orqanlarının təmsilçiliyi və Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında formalaşan işçi qrupu sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üçün nəzərdə tutulub.
İşçi qrupu bir neçə gündür fəaliyyət göstərir. Tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji”, “Azərişıq” ASC-ləri, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir.
Politoloq Fikrət Sadıqov ARB 24-ə açıqlamasında bildirib ki, yaradılan işçi qrupu bizim Qrabağda etnik ermənilərin hamısına qayğı göstərməyə hazır olduğumuzu göstərir: “Biz əvvəldən demişdik ki, onlar bizim vətəndaşlarımızdırsa onlara münasibət eyni olacaq”.
Bir neçə fəaliyyətlə məşğul olan qrupun əsas görəcəyi işlərdən biri də sosial və humanitar məsələlərlə bağlıdır.
Politoloq Yeganə Hacıyeva bildirir ki, işçi qrupun fəaliyyəti həm Azərbaydan dövlətinin iradəsini göstərir: “Bu işçi qrup sadəcə Xankəndi və ətrafının etnik erməni sakinlərinin problemlərini deyil, həmçinin Xankəndinin Azərbaycanlı sakinlərinin problemlərinin həlli istiqamətində fəaliyyət göstərəcək. Məcburi köçkün qismində bu günə qədər yaşayan Xankəndi sakinlərinin geri qayıtması üçün bu işçi qrupun geniş fəaliyyəti olacaq”.
Bir sözlə, belə bir qrupun yaradılması o deməkdir ki, Azərbaycan bundan sonra öz vətəndaşına göstərdiyi diqqət və qayğının eynisini erməni əsilli şəxslərə də göstərəcək. Necə ki, göstərir də. Sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyi tərəfindən Xankəndinə erməni sakinlər üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət 2 yük avtomobili və 2 çörək dolu avtomobil göndərilib. Eyni zamanda onların ilkin tibbi yardım və qida ilə təmin olunması məqsədilə Ağdam, Füzuli və Kəlbəcərdə 1000 nəfərlik çadır düşərgələri qurulub, Ağdamdan Xankəndinə yanacaq çatdırılıb.
