00:00:00
Yazar
Elmira Ağayeva
08.10.2026 23:03 46 3 dəq oxuma
Gündəm

Qars və Naxçıvana dəmir yolu tikintisi gündəmdə: Regionun nəqliyyat xəritəsi dəyişə bilər

Qars və Naxçıvana dəmir yolu tikintisi gündəmdə: Regionun nəqliyyat xəritəsi dəyişə bilər

 

Qars və Naxçıvan istiqamətlərində dəmir yolu xətlərinin bərpası ilə bağlı müzakirələr Cənubi Qafqazda nəqliyyat və kommunikasiya layihələrinin yenidən gündəmə gəlməsinə səbəb olub. Bu layihələrin həyata keçirilməsi region ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi, yeni tranzit marşrutlarının formalaşması və Azərbaycanın nəqliyyat-logistika imkanlarının artırılması baxımından əhəmiyyət daşıya bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Qars və Naxçıvan istiqamətlərində dəmir yolu xətlərinin bərpası regionun nəqliyyat xəritəsinə müəyyən dəyişikliklər gətirə bilər:

 

“Qars və Naxçıvan istiqamətində dəmir yolu xətlərinin bərpası, ilk növbədə, Cənubi Qafqazda alternativ nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi deməkdir. Bu layihələr Azərbaycanın həm Türkiyə ilə, həm də daha geniş Avropa və Asiya məkanı ilə nəqliyyat əlaqələrinin gücləndirilməsinə şərait yarada bilər. Eyni zamanda, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin artmasına və Orta Dəhlizin imkanlarının genişləndirilməsinə xidmət edə bilər”.

 

Politoloq qeyd edib ki, Ermənistanın bu prosesdə iştirakı və Rusiya ilə əməkdaşlığı regionda kommunikasiyaların açılması məsələsinə fərqli təsirlər göstərə bilər:

 

“Ermənistanın Rusiya ilə əməkdaşlıq çərçivəsində sovet dövründən qalmış nəqliyyat xətlərinin bərpasına çalışması, müəyyən mənada, regionda kommunikasiyaların açılması prosesində alternativ istiqamətlərin ortaya çıxmasına səbəb ola bilər. Ancaq burada əsas məsələ nəqliyyat xətlərinin hansı ölkənin nəzarətində olması və onların regional iqtisadi inteqrasiyaya nə dərəcədə xidmət etməsidir. Əgər kommunikasiyaların açılması qarşılıqlı iqtisadi maraqlar və suverenlik prinsipləri əsasında həyata keçirilərsə, bu, Azərbaycan-Ermənistan münasibətlərində də yeni əməkdaşlıq imkanları yarada bilər”.

 

Elçin Xalidbəyli bildirib ki, Rusiya tərəfindən irəli sürülən alternativ nəqliyyat layihələrinin Zəngəzur dəhlizi ilə eyni nəticəni verməsi mümkün deyil:

 

“Rusiya üçün əsas məqsədlərdən biri Cənubi Qafqazdakı nəqliyyat-kommunikasiya proseslərində öz təsir imkanlarını qoruyub saxlamaqdır. Buna görə də Moskvanın sovet dövründə mövcud olmuş nəqliyyat xətlərinin bərpası ilə bağlı təşəbbüslər irəli sürməsi təəccüblü deyil. Lakin Qars və Naxçıvan istiqamətində dəmir yolu xətlərinin bərpası ilə Zəngəzur dəhlizinin funksiyalarını tamamilə eyniləşdirmək doğru olmaz. Bu layihələrin coğrafiyası, məqsədləri və regional logistika baxımından yaratdığı imkanlar bir-birindən fərqlənir”.

 

Politoloqun sözlərinə görə, dəmir yolu layihələrinin reallaşması Türkiyə, Azərbaycan, Ermənistan və Rusiya arasında həm əməkdaşlıq, həm də rəqabət imkanlarını artıracaq:

 

“Belə layihələrin həyata keçirilməsi Türkiyə və Azərbaycanın regional nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Ermənistan üçün isə bu, uzun müddət bağlı qalmış kommunikasiya xətlərinin açılması və regional iqtisadi proseslərə daha fəal qoşulmaq imkanı yaradır. Rusiya isə öz növbəsində regiondakı nəqliyyat marşrutlarında mövcud təsir imkanlarını qorumağa çalışacaq. Buna görə də burada həm əməkdaşlıq, həm də geosiyasi rəqabət elementləri paralel şəkildə mövcud olacaq”.

 

Elçin Xalidbəyli hesab edir ki, yeni dəmir yolu layihələrinin əsas nəticələrindən biri Cənubi Qafqazın regional və beynəlxalq logistika sistemində əhəmiyyətinin artması ola bilər:

 

“Əgər bu layihələr reallaşarsa, Cənubi Qafqazın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat sistemində rolu daha da güclənə bilər. Azərbaycan isə öz coğrafi mövqeyindən istifadə etməklə tranzit imkanlarını artırmaq üçün ciddi üstünlüklərə malikdir. Bununla belə, layihələrin effektivliyi onların yalnız tikilib istifadəyə verilməsi ilə deyil, təhlükəsiz, dayanıqlı və iqtisadi baxımdan rəqabətqabiliyyətli şəkildə fəaliyyət göstərməsi ilə müəyyən olunacaq. Burada əsas məsələ hansı layihənin digərini sıradan çıxarması deyil, müxtəlif nəqliyyat xətlərinin bir-birini tamamlamasıdır. Əgər region ölkələri nəqliyyat-kommunikasiya layihələrindən siyasi təzyiq vasitəsi kimi deyil, iqtisadi əməkdaşlıq mexanizmi kimi istifadə etsələr, bundan bütün tərəflər faydalana bilər. Azərbaycan üçün isə əsas prioritet öz ərazisindən keçən nəqliyyat marşrutlarının təhlükəsizliyini və davamlılığını təmin etməklə tranzit ölkə statusunu daha da möhkəmləndirməkdir”.

 

Gülnar Mustafayeva

#azərbaycan #nəqliyyat #yeni #xəritəsi #dəyişə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər