QAXDA MƏKTƏB FORMALARI İLƏ BAĞLI NARAZILIQ VAR
Məktəbə 1 aydan az zaman qalıb və valideynlər məktəb ehtiyacları təlaşındadır. “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərara əsasən məktəbli formaları qızlar və oğlanlar üçün ayrı olmaqla qış və yay geyimindən ibarətdir.
Informator.az mövzuyla bağlı Qax rayonunda araşdırma aparıb. Valideynlər qərarla bağlı fikirlərini, narazılıq və iradlarını bildiriblər. Valideyn İlhamə Məmmədzadə deyir ki, sinif rəhbərləri yeni formaların alınıb-alınmaması ilə maraqlanırlar. “Ancaq hələki sinifdə forma alan valideyn yoxdur. Bəziləri deyir ki, biz formanı yeni almışdıq və onu geyindirməyi düşünürük. Mən onsuz uşağıma forma alacaqdım, hansı lazımdırsa, onu da alacam. Amma bütün şagirdlərdə eyni forma olsa, düşünürəm ki, sinifdə səliqə baxımından daha yaxşı görünər”.
Valideynləri narahat edən maddi tərəfdir. Elə ailələr var ki, evdə 1 neçə məktəb yaşında uşaq var. Valideyn Zalxa Nəzirova isə məsələyə fərqli aspektdən yanaşır. "Düşünürəm ki, ağ-qara formalar daha yaxşı idi. Əvvəlki yubkalar qara olduğu üçün ləkə aparmaq daha asan olurdu, həmçinin açıq mavi köynəkdən ləkə aparmaq çətin ola bilər. Bu baxımdan narazıyam, köynəklərin rənginin ağ olmasının tərəfdarıyam. Əvvəl 1 köynək almaq kifayət edirdi, indi qolu qısa və qolu uzun köynəklər əlavə olunub,bu da təxminən 10-20 manat fərq edir".
Müəllimlərin də mövzuyla bağlı öz mövqeləri var. Qax rayon D.Əliyeva adına 1saylı tam orta məktəbin dil və ədəbiyyat müəllimi Aida Kərimova da yeni formaların tətbiqi qərarından narazıdır. Deyir ki, ailələr var ki, 4 uşaq var, digər uşaqlardan qalan formaları balaca uşaq geyinə bilərdi, amma yeni məktəb formaları alması üçün valideynləri məcbur edirlər. Onların buna imkanları çatmaya bilər. “Düzdür, bu bir tərəfdən bərabərliyə gətirib çıxarır ki, heç kim bir-birinin paxıllığını çəkməyəcək, sinifdə hamı eyni geyimdə olacaq, biri digərinə deməyəcək ki, o yaxşı geyinir, mən pis. Amma bir çox mövqedən bu yaxşı deyil”.
Qax rayon bazarında yeni məktəb formalarının qiymətləri və satışı ilə maraqlandıq. Satıcılar bildirir ki, hələki formaların satışı yüksək səviyyədə deyil. Satıcılar da bu yenilikdən narazıdırlar. Çünki ötən il gətirdikləri formalar əllərində qalıb. Heç yeni formaların satılmasına da zəmanətləri yoxdur. Çünki dəqiq bir məlumatları yoxdur, bəlkə məcburi olmaya bilər.
Qiymətlərə gəldikdə isə, qolu uzun və qolu qısa köynəklər 15 manat, yubka və şalvar 25-30 manat, jaket 30 manatdır. 1 məktəbli üçün forma təxminən 100 manata başa gəlir.
NURAY
