00:00:00
Yazar
Lalə Qafarova
14.02.2026 07:04 168 3 dəq oxuma
Media-Yubiley

Qayalarda Bitən Söz - AzTV ilə Dünyaya Baxmaq

Qayalarda Bitən Söz - AzTV ilə Dünyaya Baxmaq

Televiziya bəzən bir millətin ürək döyüntüsüdür. O döyüntü gah xəbər buraxılışında sürətlənir, gah studiya sakitliyində yavaşlayır. Kamera görünəni göstərir, amma efiri yaşadan görünməyən tərəfdir -  zəhmət, məsuliyyət və sözün çəkisi.

Bu mühitdə yetişən simalardan biri də “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi, mətbuat katibi və teleaparıcı Rüfət Seyidovdur. Onun televiziya sahəsindəki yolu əvvəlcədən qurulmuş karyera planından daha çox, həyatın qarşısına çıxardığı gözlənilməz dönüşlər və seçimlərlə istiqamət alıb:

 

 

“AzTV-nin mənim üçün xüsusi önəmi var. Tarixən bura məktəb olub və bu gün də AzTV-də öyrənir, öyrədirik. Mən Sankt-Peterburqda ali təhsil almaqla yanaşı, böyük tikinti şirkətlərindən birinin PR departamentinin rəhbəri idim. Valideynimin səhhətində yaranan problem ucbatından Vətənə qayıtmalı oldum. Daha sonra geri qayıtmaq üçün şərait olmadı. Yaxşı ki, təhsilimi bitirmişdim və fərqlənmə ilə diplom almışdım. Azərbaycanda isə xeyli müddət iş axtarırdım, amma nəticəsiz idi. Nəhayət, mağazada işə düzəldim, lakin maaşım tam ödənilmədiyi üçün oradan ayrılmalı oldum. Elə həmin gün ARB-nin Xəbərlər departamentində işçi axtarırdılar. Mənim ikinci ixtisasımın reklam və ictimaiyyətlə əlaqələr olduğunu nəzərə alaraq düşündüm ki, bacararam. ARB Xəbərdə 14 ay təcrübə keçdim, daha sonra mətbuat xidmətində işlədim, ardınca aparıcılıq və qrup rəhbərliyi etdim. İsmət Səttarovla işləmək xüsusi zövq və məsuliyyət idi. Həkimlərin anamı müayinə etdikdən sonra xərçəng diaqnozu qoyması məni əlavə iş axtarmağa vadar etdi. Beləliklə, televiziya ilə yollarımı qısa müddətə də olsa ayırdım və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İş Mərkəzində mətbuat katibi, şöbə müdiri kimi çalışmağa başladım. Buradakı heyətlə mehriban şəkildə xeyli iş gördük. Bir müddətdən sonra isə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinə şöbə rəisi və mətbuat katibi vəzifəsinə təyin olundum. İşimdən və rəhbərimdən razıyam. Rövşən Məmmədov güclü xarakterə malik, gözəl insandır. Bir növ QSC-nin hərəkətverici qüvvəsidir. Ümumiyyətlə, bu yolda mənə dəstək verən çox insan olub və onların əməyini heç vaxt unutmaram. Onların dəyərini də unutdurmaram”.

 

Bir avtobus dayanacağı qədər həqiqi sevgi…

Onun yaddaşında qalan ən təsirli an efirdə yox, avtobusda yaşanıb:

 

“İlk dəfə tamaşaçı sevgisini avtobusda gördüm. Yaşlı bir qadın yaxınlaşaraq mənə dedi ki, səni hər gün efirdən izləyirəm və səni çox sevirəm. Sən mənim şəhid oğluma oxşayırsan. Məni öpdü və növbəti dayanacaqda düşdü. O avtobusla neçə dəfə getsəm də, həmin xanımla bir daha rastlaşa bilmədim”.

 

Seyidov hər efir öncəsi həyəcanlandığını gizlətmir. Amma onun fikrincə, bu həyəcan qorxu deyil, məsuliyyət hissidir:

 

“Hər dəfə efirə çıxanda gərgin oluram. Sadəcə, özümdə bir məqamı ayırd etmişəm və gənc aparıcılara da tövsiyə edirəm ki, bu yanaşmanı tətbiq etsinlər. Efirin yaratdığı gərginlik qorxmaq, çəkinmək və ya həyəcanlanmaq deyil, məsuliyyətli olmağa xidmət etməlidir. Hər cümlə, hər söz, hər heca əhəmiyyətlidir. Xüsusən də AzTV-də. Mənim həm də mətbuat katibi olmağım efirdə məsuliyyətimi bir qədər də artırır. Çünki deyilən söz AzTV-nin, dövlət televiziyasının mövqeyi kimi qəbul edilir. Düzdür, bu bir az qorxudur, amma necə deyərlər, qorxan gözə çöp düşər. Gənc aparıcılara deyə biləcəyim digər məsələ isə budur: efirə çıxırsınızsa, mövzunu araşdırın, vaxtınız az olsa belə. Çalışın vətəndaş üçün işləyin, vətəndaşın maraqlarını ortaya qoyaraq müzakirə aparın. Efir imkanlarından kiminsə xoşuna gəlmək və ya karyera artımı üçün yox, mövqelərin toqquşdurulması və ictimaiyyəti heç olmasa 0,1 faiz maarifləndirmək üçün istifadə edin. Aparıcı olmaq üçün aparıcı olmayın”.

 

"AzTV bir şeir olsaydı…" sualına o, Məmməd Arazın misraları ilə cavab verib:

 

Azərbaycan - qayalarda bitən çiçək,

Azərbaycan - çiçəklərin içində qaya…

Onun üçün AzTV də belədir - möhkəm, məğrur, sarsılmaz.

 

“Əgər mənə də AzTV-dən dünyaya baxmaq nəsib olubsa, xoşbəxtəm”,  - deyə bildirir və televiziyanın 70 illiyi münasibətilə həmkarlarını təbrik edir.

Çünki bəzən bir ekran sadəcə görüntü deyil.

O, bir xalqın yaddaşıdır.

Və o yaddaşın içində sözün məsuliyyətini daşımaq hər kəsə nəsib olmur.

 

Lalə Qafarova

#xeber #gundem
Paylaş:

Şərhlər (1)

Profil
Sevinc Hümmətova 14.02.2026 18:21

AzTV təkcə yolu ordan keçənlərin yox,eyni zamanda gözü də ordan keçən biz tamaşaçıların da doğma məkanıdır.Maraqlı müsahibə alınıb,təşəkkür edirik.

Oxşar Xəbərlər