Qazaxıstan və Əfqanıstan 235 milyon dollarlıq müqavilələr imzalayıb
Kabildə Qazaxıstan-Əfqanıstan biznes forumunun yekunları üzrə ümumi məbləği təxminən 235 milyon dollar olan sazişlər, memorandumlar və kommersiya müqavilələri imzalanıb.
"İnformator.az" xəbər verir ki, bu ölkənin ticari-iqtisadi missiyası 21-22 iyun 2026-cı il tarixlərində keçirilib.
Tədbirdə 50-dən çox Qazaxıstan şirkəti və Əfqanıstanın işgüzar dairələrinin 300-dən çox nümayəndəsi iştirak edib. Missiya çərçivəsində B2B danışıqları, həmçinin Qazaxıstan mallarının və xidmətlərinin sərgisi keçirilib.
Qazaxıstan şirkətləri aqrosənaye kompleksinin, qida, tekstil, kimya və əczaçılıq sahələrinin məhsullarını təqdim ediblər.
Əhəmiyyətli nəticələrdən biri Əfqanıstanın "Nesar Elyas Trading LTD" şirkəti ilə "Maslozavod Turkestan" MMC arasında günəbaxan yağının tədarükünə dair onillik memorandumun imzalanması olub. Həmçinin "Şabıt" MMC "Speranza" ticarət markası altında 15 milyon dollar dəyərində yarma tədarükünə dair memorandum imzalanıb.
Bundan başqa, Qazaxıstanın Taxıl Emalçıları İttifaqı ilə Əfqanıstanın Ticarət və İnvestisiya Palatası buğda ununun və onun emalı məhsullarının ixracının inkişafı sahəsində əməkdaşlıq barədə razılığa gəlib.
Tibb və innovativ texnologiyalar sahəsində ayrıca sazişlər imzalanıb.