00:00:00
Yazar
Ayşən Səlimova
26.03.2026 20:13 17 3 dəq oxuma
Dünya

Qazaxıstan və Rusiya Xəzərin qorunmasını müzakirə edib

Qazaxıstan və Rusiya Xəzərin qorunmasını müzakirə edib

Qazaxıstan Baş naziri Oljas Bektenov və Rusiya Baş naziri Mixail Mişustin Astanada görüşərək Xəzər dənizi ekosisteminin qorunması və ekoloji təşəbbüsləri müzakirə ediblər. Qazaxıstan Xəzərin səviyyəsinin aşağı düşməsinin qarşısını almaq və region ölkələri arasında əməkdaşlığı gücləndirmək niyyətindədir.

 

Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Xəzər dənizinin sahil xəttinin uzunluğuna görə Azərbaycan Qazaxıstandan sonra ikinci yerdədir:

 

“Xəzərə sahili olan beş ölkə var: Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan. Azərbaycanın Xəzər dənizi üzrə sahil xəttinin uzunluğu təxminən 825 kilometrdir. Xəzərə sahili olan ölkələrin hər birində Xəzəri tədqiq edən elmi təşkilatlar və institutlar mövcuddur. Onlar bu sahə üzrə araşdırmalar aparırlar. SSRİ dövründə bu məsələlər vahid institut tərəfindən koordinasiya olunurdu və bu sistem müəyyən nəticələr verirdi. Hazırda isə beş dövlət və dörd-beş ayrı institut fəaliyyət göstərir ki, bu da koordinasiyada problemlər yaradır. Təəssüf doğuran məqamlardan biri Azərbaycanda Xəzər dənizi üzrə müstəqil və güclü bir bölmənin yaradılmamasıdır. Bir neçə nəfərdən ibarət kiçik qruplar mövcuddur, lakin onlar əsasən Xəzərin yalnız indiki vəziyyəti barədə məlumatlıdırlar, tarixi və dərin elmi biliklər isə kifayət deyil. Xəzərlə bağlı güclü mütəxəssislər yetişdirilməlidir, lakin bu istiqamətdə işlər yetərli deyil”.

 

O qeyd edib ki, Xəzər dənizi üzrə ixtisaslaşmış strukturun birbaşa Nazirlər Kabinetinə tabe olması, müasir tədqiqat gəmilərinə malik olması vacibdir:

 

“Vaxtilə SSRİ dövründə Azərbaycanda elmi tədqiqat gəmiləri mövcud idi və Xəzər üzrə ciddi araşdırmalar aparılırdı, elmi kitablar nəşr olunub, təəssüf ki, hazırda bu imkanlar yoxdur. Xəzər qapalı hövzə olduğu üçün burada çirklənmə halları xüsusilə, təhlükəlidir. Neft tankerlərinin fəaliyyəti, tullantıların dənizə axıdılması ciddi fəsadlar yaradır. Problemin hansı ölkədən qaynaqlandığını müəyyənləşdirmək isə çox vaxt mümkün olmur. Bu isə ümumi yiyəsizlik təəssüratı yaradır. Beş ölkənin birgə iştirakı ilə vahid elmi institut yaradılmalıdır. Bu institutun tərkibində mütəxəssislər, tədqiqat gəmiləri olmalı və ortaq ekspedisiyalar təşkil edilməlidir. Belə olan halda Xəzərdə baş verən ekoloji problemləri daha dəqiq araşdırmaq mümkün olar. Xəzər dənizinin səviyyəsinin azalması tarixən dəfələrlə müşahidə olunub və bu proses yalnız müasir dövrlə bağlı deyil. Xəzərin yaşı milyonlarla ölçülür və tarix boyu səviyyə dəyişiklikləri baş verib. Bu zonada palçıq vulkanları, laylararası çatlar mövcuddur və buradan zəhərli qazlar suya qarışa bilər. Bu da canlı aləmin, o cümlədən suitilərin kütləvi şəkildə tələf olmasına səbəb ola bilər”.

 

Ekoloq bildirib ki, Xəzər hövzəsinə tökülən çayların sularından kənd təsərrüfatında, sənayedə və məişətdə geniş istifadə olunur:

 

“Əhali artımı suya tələbatı artırır və bu da Xəzərə daxil olan suyun həcmini azaldır. Yağıntı və quraqlıq dövrlərinin dəyişməsi də bu prosesə təsir göstərir. Problemlərin həlli üçün pərakəndə yanaşma deyil, sistemli və dövlətlərarası proqramlar lazımdır. Güclü kadrlar yetişdirilməli, elmi tədqiqatlar dərinləşdirilməli və Xəzər dənizinin gələcəyi ilə bağlı real addımlar atılmalıdır”.

 

Mələk Hüseynova

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər