Qazaxıstan və Türkiyə qarşılıqlı ticarətin artırılmasını müzakirə edib
Qazaxıstan və Türkiyənin Xarici İşlər nazirləri Yermek Koşerbayev və Hakan Fidan Ankarada 8-ci Strateji Planlaşdırma Qrupunun iclası çərçivəsində görüş keçiriblər. Görüşdə ikitərəfli ticarət, investisiya əlaqələri, əməkdaşlığın digər sahələri və humanitar layihələr müzakirə olunub. Tərəflər iqtisadi, siyasi və mədəni-humanitar əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetiriblər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında KAFKASSAM-ın sədri, siyasi şərhçi Hasan Oktay bildirib ki, Türkiyə və Qazaxıstan regionlarında inkişaf edən aparıcı dövlətlər sırasındadır:
"Bu yaxınlaşma təkcə iki ölkə arasında ticarətin artması demək deyil. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan "Türk Dünyası İnteqrasiyası"nın əsas dayaqlarından biridir. Bu əməkdaşlıq Çindən Avropaya uzanan Orta Dəhlizin təhlükəsizliyini və səmərəliliyini artırır. Region ölkələrinin Rusiyadan iqtisadi asılılığını azaldır və alternativ imkanlar yaradır. Türkiyənin texnoloji və sənaye potensialı ilə Qazaxıstanın xammal və enerji resursları birləşdikdə, regionda daha dayanıqlı iqtisadi mühit formalaşır. Bu, xarici müdaxilələrə qarşı da müqaviməti gücləndirir. Qazaxıstan dünyanın aparıcı taxıl istehsalçılarından biridir. Türkiyə isə qida emalı və aqrar texnologiyalar sahəsində güclü mövqeyə malikdir. Rusiya-Ukrayna müharibəsindən sonra qlobal qida təchizatında yaranan risklər fonunda bu iki ölkənin aqrar əməkdaşlığı region üçün "qida təhlükəsizliyi qalxanı" rolunu oynaya bilər. Türkiyənin müasir kənd təsərrüfatı texnologiyalarının Qazaxıstana ixracı bu ölkəni gələcəkdə qlobal "çörək səbəti"nə çevirə bilər. Bu, artıq sadəcə ticarət deyil, birgə sənaye quruculuğu və texnologiya paylaşımıdır. Bu əməkdaşlıq strateji taley birliyinin göstəricisidir. İnvestisiyaların artması türk dünyasının öz maliyyə mexanizmlərini formalaşdırmağa başladığını göstərir. Ankara və Astana bu əməkdaşlıqla regiondakı digər böyük güclərə də açıq mesaj verir: biz iqtisadi baxımdan bir-birimizə bağlıyıq. Qlobal geosiyasi proseslər fonunda Türkiyə-Qazaxıstan münasibətlərinin inkişafı Türk Dövlətləri Təşkilatını daha da gücləndirəcək".
Reyhan Quliyeva
