Qazilərin döyüşdə itirdiyi psixi sağlamlığı biz dövlət olaraq bərpa etməliyik
“Müharibə şəraitindən çıxan sıravi insanların psixoloji vəziyyətində müəyyən dəyişikliklər özünü göstərir. Hələ biz sosial şəbəkə vasitəsilə bunları izləyirik, biz də nə cür hisslər yaradır. Bəs, döyüşün içərisində olan, vuruşan insanlar nə etsin? Bunlar döyüşür, qalib olur”.
Bu sözləri İnformator.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib. Psixoloq qeyd edir ki, müharibədən əvvəl, ya da sonra bir sıra problemlər ortaya çıxır.
“Əsasən, stressdən sonra özünü biruzə verməyə başlayan problemlər posttravmatik stresslər adlanır. Bu hal xüsusilə hərbçilərdə müşahidə edilir. Müharibə bitsə də, bir neçə aya bunun fəsadları üzə çıxır. Mən məsləhət görərdim ki, müharibədə zərər çəkən bütün hərbçilərə psixoloji baxımdan dəstək olsun. Onlar hərbçi olduğuna görə özgüvənləri sadə insanlardan daha çoxdu. Buna görə də, bəzi hərbçilər psixoloqa getmək istəmir, bunu özlərinə ayıb bilirlər. Lakin elələri var ki, özləri müraciət edərək qəbula düşürlər. Bu insanlar müharibədə vətənini, bizi qoruyarkən hər hansı zərəri çəkib, qazi olub. Bəzən bunların əsəbləri həddən artıq gərgin olur. Çünki bu insanlar həyatına sağlamlığından məhrum, əlil şəkildə davam edir. Eyni zamanda, özlüyündə digər problemlərdə ortaya çıxanda, öz həyatından bezdiyinə görə intihar edir. Biz, od vurub özünü yandıran qazinin də şahidi olduq. Sonradan bildik ki ayağı kəsiləcək deyə özünə qəsd edib. Elələri də var ki, hansısa qanunla razılaşmır, çıxış yolunu intihar etməkdə görür".
Gülnar Orucova əlavə edib ki, Qaziləri dövlət nəzərə almalıdır, onlara psixoloqlar təyin edilməlidir.
"Müharibə bittiyinə görə yardım kampaniyaları da təşkil edilmir. Elə qazilərimiz var ki, metroda corab satır, taksiyə medallarını taxıb sürücülük edir. Hansı ki, bunlar dövlətə müraciət etsə, dövlət onları işlə təmin edəcək. Onlar bunu etməməlidir. Çünki onlar qəhrəmandır, bundan sonrakı fəaliyyətlərini də qəhrəmanlıqla başa vurmalıdırlar. Dövlət qazilərə şərait yaratmalıdır. Onlara təqaüd kəsilsə də, bu məbləğ qaneedici olmadıqda, qazilərimiz işlə, əlavə gəlirlə təmin edilməlidir. Eyni zamanda, dövlət bu insanlara psixoloji yardımlar göstərməli, özəl sektorlarda güzəştlər tətbiq etməlidir. Qazilərin döyüşdə itirdiyi psixi sağlamlığı biz dövlət olaraq bərpa etməliyik”.
Həcər Əmiraslanlı
