Qəbul imtahanına antiterror tədbirlərindən suallar salınacaq
İnformator.az xəbər verir ki, növbəti ildən II və III qruplar üzrə qəbul imtahanlarına lokal antiterror tədbirləri ilə bağlı suallar salınacaq. Əlavə edək ki, materiallar 2024-cü ildə "Abituriyent" jurnalının 2-ci sayında dərc ediləcək.
Təhsil eksperti Elmin Nurizadə bununla bağlı informator.az- a açıqlama edib. Ekspert deyir ki,II və III qruplar üzrə qəbul imtahanlarına antiterror tədbirləri ilə bağlı sualların salınması çox tədirəlayiqdir.
"Çünki uzun illərdir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul proqramı ümumitəhsil proqramı ilə demək olar ki, paralel hərəkət edir və ona diqqətin artırılması üçün stimullaşdırıcı rol oynayır. Etiraf edək ki, bir mövzu DİM -in qəbul proqramında varsa, müəllimlər onu daha da diqqətdən keçirir, həmçinin, repetitorlar bu mövzunu abituriyentlərə daha effektiv bir şəkildə öyrədir”.
Ekspert düşünür ki, bu səbəbdən də antierror tədbirlərinə aid sualların qəbul imtahanlarına salınmasını çox yaxşı addımdır.
“Ağıllı və düşünülmüş addımdır. Təəsüflər olsun ki, bizim məktəb proqramımız təkcə, ali məktəblərə qəbul proqramının kölgəsində hərəkət edir. Qəbul proqramında hansı mövzu əksini tapırsa, o, məktəb proqramında da xüsusi çəkiyə malik olur. Buna görə də, bu mövzunun salınması yerində atılan addımdır".
Elmin Nurizadə digər bir məsələ kimi qeyd edir ki, Dövlət İmtahan Mərkəzinin hazırladığı ali məktəblərə qəbul proqramı da təkcə, ümumitəhsil məktəblərindəki proqram əsasında hazırlanır.
"Bu da o deməkdir ki, orta məktəb dərsliklərində, xüsusilə, "Zəfər tarixi", " Ən yeni tarix" dərsliklərində antiterror tədbirləri, böyük zəfər ilə bağlı mövzular daha geniş, çoxşaxəli və səmərəli şəkildə işlənməlidir”.
Müsahib deyir ki, bu vacib, təxirə salınması mümkün olmayan, zəruri bir məsələdir.
“Əgər orta məktəb proqramlarında antiterror tədbirlərinə aid dərslər yerində və lazımi şəkildə işıqlandırılsa, qəbul proqramında da o səviyyədə, daha inkişaf etmiş bir müstəvidə onunla bağlı suallar salınacaq. Antiterror tədbirləri, bizə "Xankəndi zəfəri"-ni qazandıranlarla bağlı bilgilərin nə qədər çox olması, təbliğ olunması təqdirəlayiqdir. Ona görə də ilk növbədə orta məktəb proqramlarında bu məsələ ilə bağlı mövzular daha geniş formada öz əksini tapmalıdır”.
Ekspertin sözlərinə görə, bu mövzuya istinadən hazırlanan qəbul imtahanı proqramı yüksək səviyyədə ərsəyə gətirilməlidir.
“Burada həmin suallar daha çox antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərmiş şəhid və qazilərin, antiterror tədbirlərinin uğurlu cəhətlərinin təbliğinə çevrilməlidir".
Elmin Nurizadə sonda əlavə edir ki, suallar daha çox stuativ əsasdan hazırlanmalıdır.
“Açıq və qapalı test şəklində hazırlansa da keçərlidir. Amma antiterror tədbirləri ilə bağlı bilik müstəvisində olarsa, bir o qədər uğurlu olacaq”.
Nəzrin Mirzəyeva
