“Qəhrəmanlar unudulmur” layihəsi başa çatıb
Azərbaycan müstəqil, suveren dövlətdir və heç zaman müstəqilliyindən, ərazi bütövlüyündən güzəştə getməyəcək. Biz inanırıq ki, tezliklə tarixi torpaqlarımız düşmən işğalından azad olunacaq və beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüz bərpa olunacaq.
Bu barədə fevralın 14-də Kamran Mürsəllinin müəllifi olduğu “Qəhrəmanlar unudlmur” layihəsinin yekun seminarında məlumat verilib. Tərtər rayon Seyidimli kənd orta məktəbində keçirilən seminar Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.
Ekspert, QHT rəhbəri Bəsti Nəsibova qeyd edib ki, bu seminarın keçirilməsində məqsəd yeniyetmələrdə vətənpərvərlik ruhunun yüksəldilməsinə çalışmaq, tarixi köklərə bağlılığı təşviq etməkdir. “Azərbaycanın 20% ərazisi işğal altındadır. Belə bir dövrdə, biz torpaqlarımızın azad olunması üçün bir yumruq ətrafında birləşməliyik. Eyni zamanda vətənpərvərlik əhval-ruhiyyəsinin yüksək olmasına, tarixi köklərimizə bağlılığa böyük ehtiyac var. Hər bir Azərbaycan gənci bu istiqamətdə çalışmalıdır. Gənclərdə vətənpərvərlik duyğusunun inkişafı isə orta məktəbdən, eyni zamanda ailədən başlamalıdır. Müstəqil Azərbaycan dövlətinin dünyada söz sahibi olması üçün çalışmış tarixi şəxsiyyətləri, ərazi bütövlüyümüz uğrunda şücaət göstərmiş qəhrəmanların xidmətləri unudulmur. Qəhrəmanlarımızın daim yaşaması üçün keçirilən layihələrin bu sahədə böyük rolu var”, - ekspert bildirib.
Daha sonra layihənin koordinatoru Anar Rəsul çıxış edib. O gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ailənin və məktəbin önəmini qeyd edib: “Ailə və məktəblə yanaşı, biz hər birimiz vətənpərvər olmalı, ərazi bütövlüyümüz uğrunda vuruşan, qəhrəmanlıq göstərən igidlərimizi unutmamalıyıq. Artıq insanların böyük əksəriyyəti telefondan, internetdən istifadə edir. Bu vasitələrdən yararlanmaqla biz, qəhrəmanlarımız – şəhidlər, qazilər haqqında mütəmadi məlumatlar yaya bilərik. Bu məlumatlar həm ölkə daxilində, həm də xaricdə yaşayan insanlar üçün faydalı olar. Bütün dünya bu vasitə ilə Azərbaycan xalqının necə mərd, mübariz, igid olduğunun bir daha şahidi olar.”
Məktəbin hərbi müəllimi, keçmiş döyüşçü Mübariz Əliyev keçdiyi döyüş yolu haqqında məktəblilərə məlumat verib. O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayan zaman yaşından asılı olmayaraq kişilər də, qadınlar da vətənin müdafiəsinə qalxdı.
“O zaman yenicə müstəqil olmuş Azərbaycan ordusu lazımi imkanlara malik deyildi. İnsanlar hətta ov tüfəngləri ilə düşmənin qarşısını almağa çalışırdı. Belə qeyri-bərabər döyüşdə, məhdud imkanlara baxmayaraq soydaşlarımız son damla qanına qədər mübarizə apardı. İndi isə vəziyyət tamailə fərqlidir. Azərbaycan ordusu gündən-günə güclənir və Cənubi Qafqazın ən güclü ordusudur. Aprel döyüşləri zamanı biz bunun şahidi olduq. Malik olduğu silah-sursatın sadəcə bir hissəsindən istifadə etməsinə baxmayaraq ordumuz bir neçə strateji yüksəkliyi ələ keçirdi, düşmənə ağır zərbə vuruldu. Bu insanlarda doğma torpaqlarımıza qayıdacağımıza bir daha inam yaratdı”, - M.Əliyev deyib.
Seminar müzakirələrlə davam edib.
