00:00:00
Yazar
Admin User
11.08.2023 11:38 411 3 dəq oxuma
Sosial

QİBLƏSİ FÜZİLİ OLANLAR

QİBLƏSİ FÜZİLİ OLANLAR

2020-ci ilin 17 oktyabrında ölkənin hər yerində Füzulinin azad olunmasının qələbə sevinci yaşanırdı. Prezident İlham Əliyev rayonun erməni işğalçılarından təmizləndiyi xəbərini vermişdi. Bu tarixdən etibarən füzulililərin torpaq həsrəti bitdi, azərbaycanlılar üçün daha bir şərəfli səhifə açıldı. Füzulinin ardınca növbəti rayonumuzun, Zəngilanın azadlıq xəbəri də verildi.

Füzuli Vətən müharibəsinin gedişində Hadrut qədər çətin döyüşlər gedən ərazi idi. Ona görə də ona “döyüşən şəhər” adı verildi. Prezident İlham Əliyev müharibə gedən ərəfədə Füzuli əməliyyatının hərbi kitablara salınacağını bildirməklə, bu döyüşlərin ağırlığını, necə bir qəhrəmanlıqla qazanıldığını xalqın təsəvvüründə canlandırırdı və yaddaşlarda əbədi möhkəmləndirdi. Onu da qeyd edək ki, Füzulinin işğaldan azad olunması erməni ordusunun sıralarında fərariliyin və ruh düşkünlüyünün vüsət almasına səbəb oldu. 

Artıq Qələbədən 2 ildən artıq vaxt keçir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma da keçirib. Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Beləliklə, püşkatmada iştirak etmiş 509 nəfər qısa müddətdə Füzuliyə yola salınacaq.

Mövzu ilə bağlı əslən Füzulidən olan bir sıra yazıçı-şairlərimiz İnformator.az.a danışıb. Yazıçı Seyran Səxavət Füzulinin alınması xəbərini alan Azərbaycan Televiziyasından aldığını deyir. İlk təbriki də elə televiziyadan alıb və mavi ekranlardan tamaşaçılara ötürüb. “30 il boyunca məni bir dəfə belə olsun, dəvət etməmişdilər. Doğma yurdum alınan zaman, zəng vurdular, məni qonaq etdilər. Mən hazırda Mərdəkanda yaşayıram. Yaşadığım gündən etibarən evimin həyətindən Azərbaycan bayrağını asmışam. Televiziyada çıxış edib evə qayıtdıqdan sonra, bir də gördüm ki, mənim bayrağımın yanında, ondan da böyük bir bayraq asılıb. Yaxınlardan maraqlandım. Onlar bilmədiklərini, 3-4 nəfərin gəlib, taxıb, getdiklərin söylədilər. Sən demə, bu tapşırığı Prezident Administrasiyasından veriblər. Növbəti təbrikləri isə, saysız-hesabsız qohumlarım, tanışlarım, oxucularım, dostlarımdan aldım”.

Yazıçı Füzuliyə qayıtmağı çox istəyir. Amma nə şəkildə qayıdacağım barədə fikri yoxdur. Deyir ki, Füzuli şəhərinin mərkəzində yerləşən Köndələn gölü ərazisində 6 sotluq ərazisi olub. 47 yaşı olan zaman o ərazini özü üçün seçib. “Planım, hədəfim isə, ana vətənimdə ev tikib, orada yaşamaq idi. İndinin özündə də yenə həmin əraziyə üz tutub, 1 otaqlı belə olsa, ev tikib yaşamağa razıyam. Mən Bakıda yaşamaq istəmirəm. Demirəm ki, Bakıdan durub, Parisə, Londona gedim. Mən, Füzulimə getmək istəyirəm.. Füzuli mənim saydığım bütün ölkələrdən belə gözəldir”.

Doğma yurdu Veysəli təxəllüsündə yaşadan şair Əşrəf Veysəlli isə ilk təbriki bacısından alıb. Növbəti təbriklər yaxınlardan, dostlardan, oxuculardan gəlib. “Mənim bu sevincdən qanadım belə yoxdu uçmağa. Qanadım yoxdur ki, uçub-gedim ana yurduma. Getməyinə getmişəm. Amma öz kəndimizin ərazisi hələ də mina təhlükəsilə üzləşdiyinə görə qismət olmayıb. Mənim ilk arzum, atamın qəbrini ziyarət etməkdir. Hələki kənardan baxıram. Mənim heç ümidim belə yox idi, bir gün oralara qayıtmaq barəsində. Çünki illər boyunca biz torpaqlarımıza kənardan baxdıq. İndi adam istəyir ordumuzun alnından öpsün, Ali Baş Komandanımıza dəfələrlə təşəkkürünü bildirsin”. Əşrəf Veysəlli yatanda da üzü Füzuliyə tərəf yatdıını deyir. “Sanki, mənim qibləm orasıdır. Bundan böyük sevinc yoxdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların balalarına can sağlığı versin”.

 Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər