Qida sahəsində daha bir təhlükə
Moskvada bir kişi donuz əti yedikdən sonra qəfil halı pisləşib və xəstəxanaya aparılıb. Həkimlər ona allergik reaksiya nəticəsində yaranan I tip Kounis sindromu və kardiogen şok diaqnozu qoyublar. Şahidlərin sözlərinə görə, yeməkdən sonra ürək ağrısı və nəfəs darlığı yaranıb. Vaxtında tibbi yardım göstərildiyi üçün xəstənin vəziyyəti stabilləşib və o, evə buraxılıb.
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, allergiya ölməyə qədər apara bilər:
“Bir çox insanlarda immun sisteminə görə fərdi olaraq bəzi qidalara qarşı həssaslıq olur, xüsusilə də bu qidaların tərkibindəki maddələrə qarşıdır. Eyni zamanda bəzən olur ki, insanlar normal halda hər hansı bir qidanı qəbul edərkən allergik reaksiya vermirsə, lakin fərqli qidalarla qarışıq şəkildə qəbul edildikdə bu zaman allergiya və eyni zamanda bir çox insanlarda zəhərlənmə ilə özünü göstərə bilər.
Ümumiyyətlə allergiyaya səbəb olan qidalar fərqlidir. Bir çox insanlarda, xüsusilə də uşaqlarda süd və süd məhsullarına qarşı həssaslıq olduğu halda, bəzən bu ömrünün axırına qədər də davam edir, laktoza həssaslığı kimi tanınır. Onlar süd tərkibli qidaları qəbul edə bilmirlər. Bəzi insanlarda yumurtaya, dəniz məhsullarına, balığa qarşı allergiya olur. Eləcə də qoz, fındıq, badam güclü qıcıqlandırıcı, allergik reaksiyalar yaradan qidalar sırasındadır. Qlüten həssaslığı olan insanlarda da bəzən buğda və digər taxıllı bitkilər allergiyaya səbəb ola bilir. Ancaq donuz əti ilə bağlı allergiyalar nadir hallarda baş verir. Burada birbaşa olaraq donuz ətinə deyil, onun zülal tərkibinə, bəzən isə yağlılıq dərəcəsinə görə ola bilir və bu, çox nadir rast gəlinən bir haldır.
Belə insanlarda ilk olaraq ürəkbulanma, ishal və yaxud da qəbizlik müşahidə olunsa da, daha sonra nəfəsin çətinləşməsi, öskürək, görmənin pozulması, təzyiqin aşağı düşməsi, səpkilər, qaşınma, qızartı və digər simptomlarla özünü göstərə bilər. Ümumiyyətlə qida allergiyası və zəhərlənmə halları ilə rastlaşdıqda, bunu təxirə salmadan həkimə müraciət etmək lazımdır. Əvvəldən bilmək üçün müəyyən tibbi analizlər — qan analizləri və laborator testlər vasitəsilə hər hansı bir qidaya, qida maddələrinə, eləcə də bir çox insanlarda dərmanlara qarşı allergiyanın olub-olmamasını müəyyənləşdirmək mümkündür. Buna görə də növbəti həyat dövründə bu maddələr olmayan qidaların seçilməsi sağlamlıq üçün daha faydalı ola bilər.
Eyni zamanda bəzən allergiyaya meylli insanlar paketlənmiş qidalar qəbul edir və etiket məlumatlarını oxumadan istifadə edirlər. Mütləq şəkildə həssas insanlar etiket məlumatlarını oxuma vərdişi formalaşdırmalıdırlar və üzərində onlara mənfi təsir edəcək hər hansı bir maddənin olub-olmaması müəyyənləşdirilməlidir. Allergiyaya meylli olduqları hər hansı bir qida maddəsi və yaxud qidadan istifadə olunubsa, bundan imtina edilməlidir.
Təbii ki, azyaşlılar, yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlar daha çox risk qrupuna daxildirlər və bu məsələlərdə daha diqqətli olmalıdırlar. Əks halda zəhərlənmə və allergiya ölməyə qədər apara bilər”.
Aydan Əsgərxanlı
